İşıqlı dağının aynası – Qaragöl!

post-img

Azərbaycanın əsrarəngiz gözəl təbiətini, zəngin flora və faunasını qorumaq məqsədilə yaradılan milli parklarımız, qoruqlar və yasaqlıqlarımız sayca kifayət qədər çoxdur. Onların hər birinin özəlliyi barədə qəzetimizin səhifələrində vaxtaşırı olaraq söhbət açmışıq. Bu yazılara oxucu reaksiyası da müsbətdir.

Bu dəfə Qaragöl Dövlət Təbiət Qoruğu haqqında söz açmaq fikrindəyik. Ona el arasında İşıqlı Qaragöl də deyirlər. Bura Qarabağ vulkanik yaylasının cənub hissəsindəki böyük İşıqlı dağında yerləşir. İşıqlı dağının aynasıdır Qaragöl! O, dəniz səviyyəsindən 2 min 650 metr hündürlükdədir. Qoruğun ərazisi isə 240 hektardır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində yerləşən Qaragöl sərhəd gölü hesab edilir. Bu yüksək dağ gölü olduğundan tədqiqatçılar üçün daim xüsusi maraq doğurur. Qaragöl ilə bağlı olaraq çox sayda elmi tədqiqat işləri, araşdırmalar aparılmışdır.

Məlumat üçün bildirək ki, Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılmışdır və o vaxtdan respublikalararası dövlət qoruğu elan edilmişdir. Hər iki tərəf ərazinin unikal flora və faunasını qorumaq üçün qarşılıqlı öhdəliklər götürmüşlər. Amma Ermənistan tərəfi Qaragölün çirklənməməsi və buradakı heyvanlar aləminin qorunması ilə əlaqədar öz üzərinə düşən vəzifələrə əməl etməmişdir.

Nəzərə alınmalıdır ki, Qaragöl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan əkin yerlərinin suvarılması, qoyunçuluq və balıqçılıq üçün istifadə edilir. Gölün şimal, şimal-qərb və qərb tərəflərində quru ərazi yarğan və qayalardan ibarətdir, qalan hissələrində isə relyef nisbi düzənlikdir. Ərazidə çimli dağ-çəmən, humusla zəngin torpaqlar yayılmışdır.

Qoruğun ərazisi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Burada havanın ən soyuq ayının orta temperaturu mənfi 3 dərəcədən aşağı, ən isti ayınınkı isə müsbət 10 dərəcə Selsidən yuxarıdır. İllik yağıntının miqdarı 700 millimetrdir. Qoruğun gölü dövrəyə alan quru ərazisi yüksək dağlıq qurşaq üçün səciyyəvi olan alp çəmənliklərindən ibarətdir.

Qoruğun bitki örtüyü o qədər də zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Burada uzun illər qoyun sürülərinin otarılması ərazidəki otların tapdalanmasına səbəb olmuşdur. Bu da, öz növbəsində, ərazidəki bitkilərin inkişafına və zənginliyinə xeyli mənfi təsir göstərmişdir. Qoruğun ərazisinin bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf etmişdir.

İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən xalqımıza məxsus olan torpaqlar olmuşdur. Erməni vandalları 30 ilə yaxın bu ərazini işğal altında saxlamışlar və bu yerlərin təbii sərvəti ilə vəhşicəsinə davranmışlar. Xoşbəxtlikdən 2020-ci ilin payızında ərazi rəşadətli Milli Ordumuz tərəfindən işğaldan azad olunmuşdur.

Hazırda Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Qaragöl Dövlət Təbiət Qoruğunun yerləşdiyi Laçın rayonunda da geniş tikinti-quruculuq, bərpa işləri aparılır. Laçından Qaragöl istiqamətində rahat yol çəkilir. Laçınlılar deyirlər ki, yaz-yay, payız aylarında bu yerlər əsl cənnəti xatırladır.

Təbii ki, bu dağlarda qışın da ecazkar gözəlliyi var və bu səbəbdən bölgədə qış turizmini genişləndirmək üçün geniş imkanlar mövcuddur. İnanırıq ki, ən yaxın aylar, illər ərzində buralar həm yerli, həm də əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri olacaq. O zaman buranı ziyarət edənlər öz dost və tanışlarına səmimi şəkildə deyəcəklər: İşıqlı dağının qoynunda bir göl var. Adına Qaragöl deyirlər. Çox gözəl göldür. Oranı mütləq ziyarət edin!

M.HACIXANLI
XQ

Sosial həyat