“Ballıca, biz də qayıtdıq”

post-img

Azərbaycan xalqına qarşı nifrət, düşmənçilik və milli barışmazlığı dövlət siyasətinə çevirmiş Ermənistanın silahlı bandalarının 33 il əvvəl yer üzündən sildiyi Xocalı və rayonun Ballıca kəndi soyqırımının ildönümünü düşməndən alınmış intiqam və qayıdış təntənəsi ilə qarşılayır.

Dünən respublikamızın müxtəlif şəhər və rayonlarında məskunlaşmış məcburi köçkünlərdən ibarət növbəti köç karvanı qarlı-şaxtalı qış günündə işğaldan azad edilmiş Xocalı rayonunun Ballıca kəndinə yenidən sevinc, toy-bayram qaynarlığı gətirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbələrin nəticəsi olaraq Xocalı rayonuna növbəti qayıdış soyqırımı yaralarına məlhəm olan daha bir təntənə ilə qeyd edildi.

Bu köç karvanı daha 95 nəfəri doğulduğu yurda qaytardı. Vətən həsrəti sona çatmış 22 ailə daimi yaşamaq üçün Ballıcada fərdi yaşayış evləri ilə təmin olundu.

Gündən-günə gözəlləşən, abadlaşan Xocalıya qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə dövlət başçısına, torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad etdilər.

Məcburi köçkünlüklə vidalaşan Məhərrəm Hümbətov öz sevincini bizimlə bölüşərək bildirdi ki, Azərbaycanın hər qarışı bizim üçün əziz və doğmadır. Ancaq dünyaya göz açdığın yurd həmişə insanı özünə çəkir:

– Uzun illər bu günü arzulamışıq. Xoşbəxtəm ki, yenidən Qarabağa qayıtmaq, burada yaşamaq mənə də qismət oldu. Var olsun möhtərəm Prezidentimiz, onun “dəmir yumruğ”u hər zaman düşmənlərimizə göz dağıdır. Dövlətimiz Ballıcada bizim üçün hər cür şərait yaradıb. Biz də bu torpaqlara sahib çıxıb, əkib-becərib, bu yerləri yenidən dirçəltməliyik. Bütün yeni ballıcalıların, eləcə də bütün xalqımızın gözü aydın olsun!

Uzun illərdir müəllim kimi gənc nəslin təlim-tərbiyəsinin keşiyində dayanan, onların bilikli, vətənpərvər ruhda böyümələri üçün çalışan Loğman Məmmədov isə qayıdış həyəcanını belə ifadə etdi:

– İllər boyu Qarabağ həsrəti çəkmişəm. Kəlbəcərli şair Sücaətin dediyi kimi, balaları gülə-gülə yatırdıb, ağlayırdım, yatmırdım ki, gecələr. 44 günlük müharibədə qazandığımız şanlı zəfərdən sonra isə sevincdən, həyacandan gecələr yuxum ərşə çəkilmişdi. Doğma yurda qayıtmaq, burada yaşamaq ən böyük arzum, xəyalım idi. Bu gün arzularımızın reallaşdığı gündür. Özümü çox xoşbəxt hesab edirəm!

Rəsmi qarşılanma mərasimindən sonra keçmiş məcburi köçkünlərə yeni evlərinin açarları təqdim edildi, onlara doğma torpaqlarında xoşbəxt həyat arzulandı.

Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bu günə qədər Ballıca kəndində 562 nəfərdən ibarət 112 ailənin daimi məskunlaşması təmin olunub.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı



Sosial həyat