Bir kərə yüksələn bayraq bir daha enməz!

post-img

Bugün böyük  ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. 

M.Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. O,  tanınmış ziyalı Sultan Məcid Qənizadənin rus-tatar məktəbini bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində davam etdirib və gənc yaşlarından çar rejiminə qarşı inqilabi hərəkata qoşulub, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc inqilabçılar dərnəyinə rəhbərlik edib. "Şərqi-Rus", "Hümmət", "Təkamül" və  digər qəzetlərdə dərc olunmuş yazılarında xalqa söz, mətbuat, azadlıqları verilməsi, vətəndaşların  hüquqlarının təmin olunması tələbləri ilə çıxış edib, xalqı maariflənməyə çağırıb.

M.Ə. Rəsulzadə Azərbaycan Xalq Cumhiriyyətinin  qurulmasında fəal iştirak edib, 1918-ci ildə mayın 27-də yaranan  Azərbaycan Milli Şurasının Sədri seçilib.

Mayın 28 - də isə Milli Şura Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya bəyan  edib.

"İnsanlara hüriyyət, millətlərə istiqlal" amalı ilə fəaliyyətə başlayan Milli Azərbaycan hökumətində tez bir zamanda xeyli işlər görülür. Ordu yaradılır, sosial sahədə əsaslı islahatlar aparılır,  Azərbaycan türkcəsi dövlətin rəsmi dili elan edilir, dövlət simvolları– bayraq, himn, gerb qəbul edilir, orta və ali məktəblər açılır və Azərbaycan beynəlxalq aləmdə de-fakto olaraq tanınmağa başlayır.

Azərbaycan Xalq Cumhuriyyəti qalmaqallı ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilir. Bolşeviklərin Bakıya hücumu nəticəsində Milli Azərbaycan hökuməti müvəqqəti olaraq süquta uğrayır.

Vətənin hüriyyət mücahidləri Vətəndən uzaq düşür. Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə ömrunun axırına qədər muhacirətdə yaşayıb. Milli dövlətin süqutu onu çox sarsıldır və o, böyük təəssüf hissi ilə "Yazıqlar olsun ki, biz səpələnmiş etiqadımızla, "Bir kərə yüksələn bayraq bir daha enməz!" idealına afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayragını bir bezə dəyişdirdik",– demişdir.

Amma nə vaxtsa bayrağın yenidən ucalacağına əmin olan uzaqgörən lider inam, ümid hissi ilə gənclərə üz tutaraq: "Ey gələcək nəsil! Ey gənclik! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq yaratdı. Onu min bir müşkülatla ucaldaraq dedi ki: "Bir kərə yüksələn bayraq bir daha enməz!" Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildir.  Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bir gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayragı təkrar o bina üzərinə dikəcək və bu yolda ya Şəhid, ya Qazi olacaqsan!"– deyə müraciət edir və bu sözlər qığılcım kimi ətrafa yayılaraq  sonrakı Azərbaycan müstəqillik hərəkatını alovlandırır, Vətənin igid oğulları  üçrəngli bayragı yenidən  dalğalandırmagı bacarır.

İndi o üçrəngli bayraq Azərbaycanın hər yerində, hətta Məhəmməd Əmin Rəsulzadənin ruhu dolaşan qardaş Türkiyə səmasında da dalğalanır, onun ruhuna dinclik gətirir.

Vətən həsrətli M. Ə. Rəsulzadə1955 -ci ildə martın 6-da Türkiyənin Ankara şəhərində son nəfəsində “Azərbaycan!" deyərək 71 yaşında dünyadan köçdü. Ankaranın "Əsri" məzarlığında dəfn edildı. Özü həyatdan köçsə də, onun milli ideologiyası, mübarizlik ruhu, müdrik kəlamları xalqına əbədi miras qaldı.  M. Ə. Rəsulzadə deyirdi: "Əqidə, amal və məsləki yolunda ölümünə hazır olub da nəfəsini fəda edən kəs böyükdür".

Ruhun şad olsun, böyük  insan!

Zülfiyyə Ziya
XQ

Sosial həyat