Türkiyənin tanınmış vətəndaş cəmiyyəti institutlarından olan “Eko–Avrasiya”nın (“Avrasiya İqtisadi Əlaqələr” İctimai Birliyinin) sədri Hikmət Ərən ölkəmizdə səfərdədir. Qeyd edək ki, Dr. Hikmət Ərən, həm də Kuzey Kıprıs Türk Cümhuriyyəti Cümhurbaşqanlığı Yurtdışı Kıbrıslı Türklər Komitəsinin üzvüdür.
Səfər çərçivəsində qonaq “Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın perspektivləri müzakirə edilib. Söhbət zamanı Türk dünyasının yaxın keçmişi, bu günü və gələcəyi, bir sözlə, “ortaq keçmişdən ortaq gələcəyə” gedən ulu yolla bağlı maraqlı fikir mübadiləsi aparılıb.
Türk dünyası ziyalıları və konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutları ilə səmərəli işbirliyinə önəm verən Arzu Bağırova Hikmət Ərənə RHİM İB- nin plaketini təqdim edib, ona Azərbaycanla qarşılıqlı fəaliyyətində yeni uğurlar arzulayıb.
RHİM İB-nin fəaliyyətinə yaxından bələd olduğunu bildirən Hikmət Ərən, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edərək, təşkilatın timsalında Azərbaycanın bütün konstruktiv mövqeli ictimai birliklərinə yeni uğurlar diləyib.
Hikmət Ərən Arzu Bağırovanı “Eko–Avrasiya”nın bu ilin may ayında Ankarada keçirəcəyi beynəlxalq toplantıya dəvət edib.
Qardaş ölkələrin QHT-lərinin, o cümlədən iqtisadiyönümlü təşkilatların işbirliyinin önəminə vurğu edilən görüşdə, RHİMİB ilə “Eko–Avrasiya” arasında birgə çalışmalara dair Anlaşma imzalanması barədə razılıq əldə edilib.
Sonra, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı İntiqam Yaşar və digər görüş iştirakçıları öz ürək sözlərini bölüşüblər.
İntiqam Yaşar DGTYB-nin müvafiq “Fəxri Fərman”ını Hikmət Ərənə təqdim edib.
Z.BƏŞİRQIZI
XQ