Bəzən artıq içilən bitki çayları şəfa əvəzinə insan orqanizmi üçün böyük təhlükə yaradır. Məsələn, adaçayını çox içmək ürəkdə döyüntü, miqren, çobanyastığı çayını çox içmək allergiya yarada bilər.
Qaraciyərin fəaliyyətində ciddi problemlər zamanı bir çox bitkilərdən və bitki çaylarından ümumiyyətlə istifadə etmək olmaz. Qarğıdalı saçaqlarından çay orqanizmi təmizləyir, arıqlamağa kömək edir. Lakin böyrək daşı xəstəliyi zamanı güclü sidikqovucu təsirə malik olan bu çay daşların tərpənməsinə, sidik kanalına düşməsinə və kəskin sancılara səbəb ola bilər.
Hamiləliyin ilk 3 ayında bitki çaylarından istifadə etmək tövsiyə edilmir. Jenşen, exinaseya, dəmrovotu, dazıotu və bəzi digər bitkilər də hamiləlik zamanı təhlükəli sayılır. Bütün bunları nəzərə alaraq xroniki xəstəliyi olanlar, hamilə qadınlar, süd verən analar həkim məsləhəti olmadan bu çaylardan istifadə etməməlidir.
Uşaqlara bitki çaylarını verdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Bəzi bitki çayları dərmanların tərkibinə birbaşa təsir edə bilir. Qışda razyana, nanə, adaçayı, gülxətmi, yaşıl çay, itburnu, zəncəfil, zəfəran çaylarını dəmləyib içmək olar. Bu çaylar immunteti artırır, bədənimizi bakteriyaların təsirindən qoruyaraq, xəstələnməyimizin qarşısını alır. Bitki çaylarının gündəlik istifadəsi növünə və hər fərdə görə dəyişir.
Fitoterapevtlər qara çay əvəzinə yaşıl çayın daha faydalı olduğunu deyirlər.
Z.HÜSEYNLİ
XQ