İnkişaf rifah mənbəyidir
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı “İnklüziv sosial inkişaf və sosial təminat” üzrə işçi qrupun növbəti iclası keçirilib.
“İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” məqsədləri üzrə ötən il görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabatın müzakirəsinə həsr olunmuş toplantıda işçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əməkhaqqı sisteminin təkmilləşdirilməsi, sosial müdafiə və fəal məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. O, həssas qruplar üçün məşğulluq imkanlarının artırılması, əmək bazarında işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması və rəqabətqabiliyyətli kadr potensialının inkişafı sahələrində aparılan işlərdən də söhbət açıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn strategiyada nəzərdə tutulmuş sosial məqsədlər üzrə həyata keçirilən tədbirlərlə bağlı monitorinq və qiymətləndirmənin bu məqsədlərin icrası prosesində qarşıda duran əsas çağırışları, habelə tövsiyələri müəyyən etmək baxımından önəmini qeyd edib. İşçi qrupun sədr müavini, mərkəzin təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” məqsədi üzrə 3 fəaliyyət – “Əməkhaqqı sisteminin təkmilləşdirilməsi”, “Özəl sektorda məşğulluğun inkişafının stimullaşdırılması” və “Məşğulluğun səmərəliliyinin artırılması” istiqamətlərində görülən işlərlə bağlı aparılmış ilkin monitorinq və qiymətləndirmənin nəticələri barədə məlumat verib.
Kiçik biznesə dəstək
Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” iştirakçılarına biznes mükafatlarının təqdim edilməsi məqsədilə növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinə start verilib.
Məqsəd layihə çərçivəsində 2020–2024-cü illərdə avadanlıqla təmin edilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmuş şəxslərə öz sahibkarlıq fəaliyyətlərini genişləndirmək üçün dəstəyin göstərilməsidir. “Həvəsləndirmə mükafatları” müsabiqəsinə ölkənin bütün şəhər və rayonları üzrə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində avadanlıqlar verilməklə kiçik biznesini qurmuş şəxslər müraciət edə bilərlər.
Müsabiqədə iştirak üçün proqram iştirakçılarına dair bəzi tələblər qoyulub. Əvvəla, iştirakçı qeydiyyata alınmış vergi ödəyicisi olmalıdır; özünüməşğulluq proqramı çərçivəsində birinci ilin biznes planını uğurla tamamlamalıdır; son 12 ay ərzində bütün hüquqi və vergi tələblərinə tam şəkildə riayət etməli və cəriməsi olmamalıdır. Bundan başqa, həmin iştirakçı seçdiyi iqtisadi fəaliyyət istiqaməti üzrə hazırda biznes fəaliyyəti ilə məşğul olmalıdır.
Qeyd edilən meyarlara cavab verən benefisiarlara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi biznes planın hazırlanmasında dəstək göstərəcək. Biznes planını müdafiə edərək qalib gələn şəxslərə fəaliyyətlərini genişləndirmək üçün əlavə avadanlıqlar veriləcək. Hər bir benefisiar yalnız bir dəfə bu müsabiqədən faydalana bilər.
Zərifə HÜSEYNOVA
XQ