İtaliyanın “Med-Or” Fondunun saytında Azərbaycanda yaşayan Alban-Udi xristian dini icması haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin jurnalisti Rossella Fabianinin müəllifi olduğu “Udi icmasının yaşadığı Azərbaycan dağlarında” sərlövhəli məqalədə Alban-Udi xristian dini icmasının Azərbaycanın dağlıq regionunda – paytaxt Bakıdan təxminən 240 kilometr uzaqlıqda yerləşən Qəbələ rayonunun Nic qəsəbəsində yaşadığı bildirilir. Məqalədə diqqətə çatdırılır ki, udilər eramızın IV əsrində xristianlığı qəbul etmiş Qafqazın qədim alban əhalisinin törəmələridir.
Jurnalist Bakıdan Şamaxıyadək olan yolboyu Qafqaz ərazisini görmək imkanı əldə etdiyini, avtomobilin pəncərəsindən müxtəlif mənzərələrin -ən səhra ərazilərdən üzüm tinglərinin olduğu yaşıllıqlara, portağal, şabalıd ağaclarına qədər- şahidi olduğunu bildirir. Bildirir ki, Nic yolu Şamaxıya, oradan da Gürcüstana gedən yoldur. Vaxtilə Azərbaycanın paytaxtı olan Şamaxı çoxlu zəlzələlərin baş verdiyi ərazidədir: “1902-ci ildəki zəlzələdə şəhər tamamilə dağılıb. Gözəl təbiəti olan Şamaxı Qafqazın ən qədim şəhərlərindən biridir”.
Rossella Fabiani səfər müddətində Alban-Udi xristian dini icmasının sədri Robert Mobilinin onu müşayiət etdiyini deyir: “Səfər zamanı Robertin bizə göstərdiyi Böyük Qafqaz dağlarını görürük. O deyir: Kiçik Qafqaz dağları Qarabağdadır. Böyük Qafqaz dağları isə Qubadan başlayıb, Qara dənizdə bitir”.
Məqalədə qeyd olunur ki, Nic qəsəbəsində 5 məktəb var. Burada dərslər Azərbaycan və rus dillərində, dördüncü sinfə qədər isə udi dilində tədris olunur. Nic qəsəbəsindəki 5 nömrəli tam orta məktəbin direktoru Venera Antonova qədim udi dilini öyrətmək üçün iki kitab yazıb. Robert Mobili də udi dilinin qorunub saxlanması üçün böyük işlər görüb. O, Azərbaycan dili-udi dili lüğətini tərtib edib.
Yazıda Robert Mobilinin digər fikirlərinə yer verilir: “Bizim kilsəmiz 1836-cı ilədək, daha dəqiq desək, həmin il martın 11-nə, rus çarı I Nikolayın Alban kilsəsini Erməni Qriqorian kilsəsinə tabe etmək qərarına gəldiyi vaxtadək mövcud ola bildi. Həmin vaxtdan etibarən alban mənbələrinin erməni dilinə tərcüməsi başlandı. Udilər bu qərarı rədd edərək evdə ibadət etməyə başladılar. Onlar qriqorianlaşmaq istəmirdilər və dillərini, kimliklərini qoruyub saxladılar. Çar Rusiyası Qafqazda “parçala, idarə et” prinsipini dəhşətli şəkildə tətbiq etdi: xalqları parçaladı, dindən istifadə edərək nifrət hissi yaydı”.
“Biz apostol kilsəsiyik, çünki 12 həvaridən biri olan Varfolomey eramızın 71-ci ilində Bakıya gəlib. Həvari Bakının tarixi hissəsi olan İçərişəhərdə şəhid olub, burada ona həsr olunmuş kilsə də var idi. Kilsə sovet dövründə dağıdıldığı üçün bu gün artıq mövcud deyil. Varfolomeydən əvvəl Qüdsün ilk patriarxı Müqəddəs Yaqubun adından Qafqaza göndərilmiş Müqəddəs Yelişanın bu torpaqlarda xristianlığı və Qafqazın ən qədim kilsəsi olan Kişi təbliğ edib. Üçillik bərpa prosesindən sonra Kiş kilsəsi bu gün əvvəlki quruluşuna qayıdıb. Gürcü və erməni kilsələri də onu Qafqaz kilsələrinin “anası” hesab edirlər. Bu kilsələrin öz kanonik əraziləri var idi ki, bu da indiki Azərbaycanın ərazisinə uyğundur. 313-cü ildə Milan fərmanı ilə xristianlıq dövlət dini oldu. O dövrdə Azərbaycanda da monastırların, kilsələrin və ibadətgahların tikintisinə yeni təkan verildi. Lakin ölkədə xristianlığın əsl çiçəklənməsi Qafqaz Albaniyasının hökmdarlarından biri olan Cavanşir sayəsində baş verdi və onun dövründə çoxlu kilsələr tikildi. Onun at belində kiçik heykəli Kiş kilsəsində nümayiş etdirilir”, - deyə yazıda qeyd olunur.
Robert Mobili deyir: “Mən İordan çayında vəftiz edildim və Atos dağını ziyarət edən ilk azərbaycanlı oldum. Burada Ksenofont monastırının arximandriti Aleksi öz xaçını mənə verdi. Biz Qüds kilsəsinə, eləcə də Efiopiya və Suriya kilsələrinə yaxınıq. Şərqli qardaşlarımızla əlaqə saxlaya bilməyərək keçirdiyimiz uzun illər liturgiyamız haqqında biliklərimizin çoxunu itirdik. Bu səbəbdən keşişlərimiz liturgiyamızı yenidən öyrənmək üçün qədim Suriya kilsəsinin olduğu Türkiyənin Mardin şəhərinə gedirlər. Mardində türkcə danışırlar və bunu başa düşmək bizim üçün çətin deyil. Bizi iki həftə qarşılayır və qədim kilsələrinin ayinlərini öyrədirlər”.
Yazıda qeyd olunur ki, 1996-cı ildə Sinay Palimpsestinin kəşfi eramızın V və VI əsrlərində udi dilinin mövcudluğunu sənədləşdirir. Alimlər palimpsestdə bütün oxunaqlı səhifələri şərh edib və qədim albanların liturgik dili ilə udi dili arasında davamlılıq tapıblar.
“Xristian reallığımız bizim üçün o qədər canlıdır ki, bütün cəmiyyət tariximizi dirçəltməyə və tanıtmağa sadiqdir. 2002-ci ildə Roma Papası II İoann Pavel Bakıya gələndə biz ona alban xaçımızı təqdim etdik və o anın fotosu kəndimizdə, hər kəsin görə biləcəyi xüsusi yerdə - Nic qəsəbəsindəki “Cotari” alban kilsəsindədir”, - deyə Robert Mobili qeyd edir.
Məqalədə vurğulanır ki, bu gün dünyada təxminən 10 min udi var. Nic qəsəbəsində 4 min, Oğuz rayonunda isə 100-ə yaxın üdi var və bəziləri də Bakıda yaşayır. Qalanları isə Rusiyada, Gürcüstanda, Qazaxıstanda və Ukraynadadır. Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Belarus, Litva və Qırğızıstanda kiçik icmalar da var.
Robert Mobili deyir ki, onların hamısı Sovet İttifaqının dağılmasından sonra iqtisadi səbəblərdən buradan köçüblər. Bu gün biz yaşayan xristian icmasıyıq və əsasən kənd təsərrüfatı ilə məşğul oluruq: “Ötən il Bakıda keçirilən ilahiyyat kursunun ikinci hissəsi Nicdə keçiriləcək. Gələcək ilahiyyatçılar, sonradan keşiş təyin olunacaq insanlar burada təhsil alacaqlar. Həmçinin onlar təcrübə mübadiləsi və liturgiya öyrənmək üçün Türkiyənin Mardin şəhərinə gedəcəklər”.
Qeyd edək ki, Rossella Fabiani daha əvvəl Azərbaycana səfəri ilə bağlı silsilə məqalələr dərc edib, Qafqaz Albaniyası xristian memarlığından, o cümlədən Xudavəng, Gəncəsər və Xatirəvəng kilsələri haqqında yazıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma