Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

post-img

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Komissiyanın həmsədri, müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pakistanda rəsmi səfərdədir.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 23-də Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari müdafiə sənayesi naziri V.Mustafayev ilə görüşüb. Görüşdə Komissiyanın üzvləri - xarici işlər nazirinin müavini Elnur Məmmədov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Kamal Abbasov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iştirak ediblər.

Pakistan Prezidenti görüşdə dost və qardaş ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Pakistanın və Azərbaycanın mənafelərinin təmin olunmasına layiqli töhfələrini verən Birgə Komissiyanın fəaliyyətinə uğurlar arzulayıb.

Nazir V.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidentinə və xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırıb. Nazir Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti barədə məlumat verərək, bu təsisatın Azərbaycan və Pakistan arasında çoxşaxəli əməkdaşlığın inkişafında, müştərək məqsədlərin real nəticələrə çevrilməsinin təmin edilməsində mühüm rol oynadığını bildirib.

V.Mustafayev Birgə Komissiya vasitəsilə qəbul olunan qərarların və əldə edilən razılaşmaların gələcəkdə ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət