Xoşbəxtlik –  əl tutmağın sevinci

post-img

Sosial şəbəklərdə dostluğumda olan Şəmsiyyə Kərimova adlı xanım həmkarım bugünlərdə özünün “Facebook” səhifəsində maraqlı bir paylaşım edib. Düşünürəm ki, bu, ibrətamiz hekayət oxucuların da diqqətini özünə cəlb edəcək. Orada yazılır: 

“Məşhur jurnalistlərdən biri  hindistanlı milyarder Ratan Tataya belə bir sual verir:

– Cənab Tata, həyatda ən xoşbəxt olduğunuz anı necə xatırlayırsınız?

Tata belə cavab verir: 

– Həyatda xoşbəxtliyin 4 mərhələsindən keçdim və nəhayət, gerçək xoşbəxtliyin nə olduğunu anladım.

İlk mərhələ sərvət və ehtiyat toplamaq idi. Amma bu mərhələdə istədiyim xoşbəxtliyi əldə edə bilmədim. Sonra qiymətli əşyaların toplanması olan 2-ci mərhələ gəldi. Amma bunun təsirinin də keçici olduğunu və qiymətli şeylərin parıltısının uzun sürmədiyini fərq etdim. Ardından böyük bir ticari layihə olan 3-cü mərhələ başladı. O zaman Hindistan və Afrikadakı dizel yataqlarının 95 faizinə sahib idim. Ayrıca Hindistan və Asiyadakı ən böyük polad zavodunun da sahibi idim. Amma burada da xəyal etdiyim xoşbəxtliyi əldə edə bilmədim. 

4-cü addım bir dostumun məndən bəzi əlil uşaqlar üçün təkərli əlil arabası almağımı istəməsi oldu. 200-ə yaxın uşaq üçün. Dostumun tövsiyəsi ilə həmən təkərli əl arabalarını aldım. Amma dostum onunla getməyimi və əlil arabalarını uşaqlara verməyimi israr etdi. Mən də hazırlaşıb onunla getdim. Orada bu uşaqlara əlil arabalarını öz əllərimlə verdim. Bu uşaqların üzlərində qəribə bir xoşbəxtlik parıltısı gördüm. Hamısını əlil arabalarında oturarkən, dolaşarkən və əylənərkən gördüm. Onlar, sanki, bu hədiyyəni qeyd etmələri üçün bir şadlıq yerinə gəlmiş kimi idilər. Məhz o anda gerçək xoşbəxtliyi içimdə hiss etdim.

Ayrılmağa qərar verəndə uşaqlardan biri ayağımdan tutdu. Ayaqlarımı yavaşça çəkməyə çalışdım, amma uşaq üzümə baxdı və ayaqlarımı yenidən bərk-bərk tutdu. Əyilib uşaqdan soruşdum: 

– Başqa bir şeyə ehtiyacın varmı?

Bu uşağın verdiyi cavab məni, sadəcə, sarsıtmadı, həyata baxışımı da tamamən dəyişdirdi.

Bu uşaq dedi:

– Üzünü yadda saxlamaq istəyirəm ki, cənnətdə görüşəndə səni tanıyıb bir daha təşəkkür edə bilim”.

P.S. Çox təsirli səhnədir. Hər bir bəşər övladı üçün onun köməyinə, yardımına ehtiyacı olanlara əl tutmaqdan, yaxşılıq etməkdən böyük bir səadət varmı? Təbii ki, yoxdur, ola da da bilməz! 

Təqdim etdi: 
M.HACIXANLI 
XQ

Sosial həyat