20 Yanvar şəhidlərinin ailələri sosial təminat sistemi ilə əhatə olunublar

post-img

Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də mühüm addımların atılmasına imkan verib.

Hələ ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis olunub. Ulu Öndərin tapşırıqları əsasında 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosial təminat sistemi ilə əhatə olunması üçün mühüm tədbirlərə başlanıb. Həmin tədbirlər Prezident İlham Əliyevin həssas qruplara xüsusi diqqət və qayğısı nəticəsində ildən-ilə uğurla davam etdirilərək daha da gücləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Həmin təqaüd şəhid ailələri üçün 600 manat, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manat, 61-80 faiz pozulmasına görə 400 manat, 31-60 faiz pozulmasına görə 330 manat təşkil edir.

Bununla yanaşı, əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya müavinət (müvafiq olaraq 270 manat, 220 manat və 150 manat müavinət), orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü (100 manat) də ödənilir.

Həmin sosial ödənişlərin mütəmadi artırılması təmin edilir. 2018-ci ildən icra olunan ardıcıl sosial islahat paketləri çərçivəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri, habelə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, pensiyaların orta aylıq məbləği 2,4 dəfə, əlilliyi olan şəxslərə müavinətlər 3 dəfədən çox artıb.

Həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər reabilitasiya xidmətləri ilə təmin edilirlər və onlar, habelə 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün qanunvericilikdə bir sıra imtiyaz və güzəştlər də nəzərdə tutulub.

Sosial həyat