Daşkənddə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.

Tədbirdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Əvvəl ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə və şəhirlər bağına çiçək dəstələri qoyulub. 

Mərasim iştirakçıları 20 Yanvar faciəsi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı kitab sərgisinə, həmçinin fotostendə baxıblar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətindən danışıb. Bildirilib ki, Bakıda dinc sakinlər-qocalar, qadınlar və uşaqlar güllələndikdən sonra- yanvarın 20-də səhər tezdən Bakıda fövqəladə vəziyyət elan olunması ilə əlaqədar Mixail Qorbaçovun fərmanı oxunub.

H.Quliyev deyib ki, 20 Yanvar faciəsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib, keçmiş SSRİ rəhbərlərini ittiham edib və faciənin məsuliyyətini birbaşa Mixail Qorbaçovun üzərinə qoyub.

Səfir qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib.

H.Quliyev bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı böyük faciə ilə üzləşsə də daha da mətinləşdi, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdi. 20 yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğu deyən diplomat, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu da vurğulayıb.

Özbəkistan Ali Məclisi Senatının üzvü Husan Ermatov deyib ki, 20 Yanvar faciəsi artıq Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi iz buraxıb. Şəhidlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını veriblər, bu isə əsl qəhrəmanlıqdır.

Sonra “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, alim və tərcüməçi Babaxan Şərif və başqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında danışıb, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu söyləyib, başda M. Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərlərini ittiham ediblər.

Sonda Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kursunun şagirdləri 20 Yanvar faciəsinə dair şeirlər söyləyiblər. 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

 













Sosial həyat