Dil ürəyin dilmancıdır

post-img

Gözəl nitq isə insanda uşaqlıqdan formalaşır 

Nitq ünsiyyətin sözlə ifadə olunan formasıdır. Ondan istifadə özümüzü sözlərlə təqdim edə bilməyə imkan verir. Lakin nitq orqanları düzgün fəaliyyət göstərməyəndə fikri bildirmək çətinliyi yaranır. 
Bəzən isə dil inkişafındakı qüsur səbəbindən insan danışa bilmir, nitq pozuntusu, kəkələmə yaranır. Cəmiyyətdə çox rast gəlinən bu problemlə bağlı Elmi-­Tədqiqat Tibbi Bərpa İnstitutunun loqopedi Aytəkin Hacıyeva ilə müsahib olduq. Qeyd edək ki, gənc loqoped ADPU-nun defektologiya-loqopediya fakültəsinin məzunudur. Magistratura təhsilindən sonra Türkiyədə 2 il bu sahədə təcrübə qazanıb. 7 ildir ki, uşaqların xidmətindədir.
 – Nitq pozuntuları hansı yaşlarda müşahidə olunur və səbəbləri nədir?
 – Nitq pozuntuları bütün yaş dövrlərində – həm erkən uşaqlıq, həm məktəb yaşlı, yeniyetməlik, gənclik və hətta, ahıl yaşda insanlarda müşahidə olunur. Funksional, nevroloji-fizioloji–orqanik, sosial-psixoloji amillər səbəbindən yaranır. 
Funksional səbəb mərkəzi sinir sisteminin oyanma-tormozlanma prosesinin pozluması ilə, orqanik səbəblər bətndaxili dövrdə, doğuş zamanı ya da doğuşdan sonra beyinin inkişafdan qalması ya da zədələnməsidir. Sosial-psixoloji səbəblər isə ətraf mühitin nitqə müxtəlif mənfi, arzuolunmaz təsirləridir.  
Böyüklərdə nitq pozuntusunu daha çox nevroloji və fizioloji səbəblər yaradır. Belə ki, beyin qan dövranının pozulması, kəllə-beyin travmaları ilə mərkəzi nitq aparatının zədələnməsi nəticəsində danışıqda pozuntu başlayır. Digər tərəfdən, periferik nitq aparatının zədələnməsi də nitqdə qüsurlar yaradır.
– Hansı müalicə üsulları tətbiq edilir və daha çox təsirlidir?
– Bütün nitq pozuntularının ayrılıqda korreksiya–müalicə üsulları var. Bu zaman yalnız loqopedin korreksiyası, yaxud da ki, loqopedik korreksiya ilə birgə digər istər tibbi, istərsə də psixoloji və fizioterapevtik müalicə tətbiq olunmalıdır. Amma hansı müalicə üsulları daha təsirlidir fikrini söyləyə bilməlirik. Çünki hər bir müalicənin öz məqsədi və təsir mexanizmi ayrı olur. Əgər uşaqda və ya böyükdə nitq pozuntusunun səbəbi nevrolojidirsə, burada mütləq medikamentoz müalicə, loqopedik təsir ilə eyni anda aparılmalıdır. 
Başqa bir misalla desək, uşaqda dodaq-damaq çapığı varsa və bunun nəticəsində nitqində pozuntular görürüksə, öncə tibbi müdaxilə ilə bu çapıqlar aradan götürülür və ardınca  loqoped işinə davam edir. Əlavə olaraq, əgər uşaqda nitqin olmamasının səbəbi obyektləri qavramaqdadırsa, bu zaman erqoterapevtin köməyi lazım olur. Səbəbdən asılı olaraq, müalicə üsullarının ardıcıllığı gözlənilməlidir. Yəni multidisiplinar yanaşma olmalıdır.
– Müalicə nitq pozulmasının dərəcəsinə görə təyin edilir, yoxsa ümumi protokol var?
– İstər diaqnostika zamanı, istərsə də korreksiya zamanı multidisiplinar yanaşma öndə olmalıdır. İlk növbədə, həkim-psixiatr, yaxud, nevroloq müayinəsi aparılır. Loqoped müayinəni tələb edir, həm də özü pasienti yönləndirir. İstər həkim diaqnozu, istərsə də loqopedin rəyi hər pozuntu üzrə protokola əsasən aparılır. Və müalicədə seans zamanı loqopedik məşğələnin norma və prinsipləri əvvəlcədən protokolla təyin edilir. Təbii ki, seans zamanı bir çox kənara çıxmalar spontan şəkildə baş verir, amma, bunun da məqsədi nəticə yönümlü olmalıdır.
– Nitq pozuntusuna qidalanmanın təsiri varmı?
– Qidanın bir çox tibbi vəziyyətə olduğu kimi, nitqə də dolayısı yolla təsir etdiyini görürük. Belə ki, əvvəllər daha çox ahıl nitq pozuntusu kimi bilinən afaziya son dövrlər uşaq və ya gənclər arasında daha çox özünü göstərir. Yəni, uşaqlarda və gənclərdə insultların çoxaldığını və nəticədə də nitqə də təsir etdiyini təəssüflə bildirmək istəyirəm. Uşaqlar parka, əyləncə mərkəzlərinə gedir, susayır, ana su əvəzinə, şirə və ya digər zərərli içkilər alır. Nəticədə damar problemləri yaranır və insulta qədər irəliləyir. Gənclərin fastfood iştahı bu kimi problemlərə səbəb olur. 
– Statistika nə deyir?
– Ümumi statistikaya görə, uşaqlarda daha çox nitq pozuntuları 2–5 yaş arası görülür. Bu dövrdə daha çox nitq ləngimələri üstünlük təşkil edir. Amma məktəb yaşı dövründə daha çox səs probemləri ilə üz-üzə qalırıq. Gənc və böyük yaşlılarda isə daha çox dizartriya (nitq pozuntusunun növü), afaziya, kəkələmə kimi hallarla qarşılaşırıq.
– Təcrübənizdə ən tez və ən gec sağalma nə qədər çəkib? 
– Normalda 3 yaşı keçid dövrü və nitqin partlama dövrü adlandırığımız üçün uşaqların 3 yaşından tez loqoped seansları məqsədəuyğun olmur. Amma hər bir valideynin öz uşağını loqopedə konsultasiyaya gətirmək və onun nitq inkişafının gedişi ilə bağlı məsləhət almaq hüququ var. Uşaq vaxtında müayinə edilib tez  korreksiyaya cəlb olunarsa inkişaf yaşının normalarına tez də yiyələnə bilər. Həmçinin də böyüklərdə həmin hal yaranan andan pasientin tibbi vəziyyəti imkan verirsə loqoped seanslara başlamalıdır.
 Bu, birbaşa nəticəyə təsir edir. Protokola əsasən, ən tez nitqin korreksiyası 3 aydır. Bu müddət 3 ilə qədər uzana bilir. Onu qeyd etmək lazımdır ki, bu deyilən zaman müddəti nisbi xarakter daşıyır. Nəticə bir çox amillərdən asılı olur. Pozuntunun səbəbi, şəraiti, baş vermə zamanı, uşağın və ya böyüyün sosial rolu, ailənin seanslarda iştirak etmə sıxlığı, pozuntunun ikincili və ya üçüncülü səbəb kimi ortaya çıxması, həm də mürəkkəb pozuntu olub- olmaması, kompleks müalicə tədbirlərinin effektliyi və s. nəticəyə təsir edir.
Təcrübəmdə ən tez sağalma müddəti nitq inkişaf ləngiməsi olan 3–5 yaşlı pasientimin 3 həftəlik seans sonu artıq 3 sözlü cümlələr qurmağa başlaması olub. Böyüklərlə iş zamanı isə ən tez nəticəm  motor afaziyalı insultlu pasientimin 17-ci günündə artıq aktiv nitqlə məni qarşılaması ilə baş verib. Uşaqlarda gec sağalma olmur, çünki uşaq inkişafda olan bir fərddir və düzgün müalicə üsulları ilə nəticə alınır. 
Böyüklərdə isə gec nəticə daha çox ona görə olur ki, müəyyən irəliləyişin sonunda tibbi vəziyyət pisləşir, pasient ikinci, üçüncü dəfə insult keçirir və biz hər dəfə müalicəyə sıfırdan başlayırıq. Nəticəsiz müalicə ən çox mürəkkəb pozuntularda rast gəlinir. Bu zaman qismən də olsa, nitqdə irəliləyişi müşahidə etsək də, tam olaraq sağalma gecikir. Bəzən diaqnozun gec qoyulması, ya da yarımçıq və yaxud səhv olması da nəticəyə təsir edir.
– Kəkələmə nitq pozuntusunun bir növüdürmü? Müalicəsi fərqlidirmi?
– Bəli, kəkələmə ən ağır nitq pozuntularından biridir. O, çətinliklə aradan qalxır, uşağın psixikasını korlayır, nitqlə ünsiyyətə mane olur. Kəkələmədə səs və heca təkrarları, nitqdə qəfil uzun sürən dayanma və ya bu halın hər ikisinin eyni anda baş verməsi müşahidə olunur. Bəzən kəkələməyə ikincili hərəkətlər dediyimiz stola əl vurma, ayaq silkələmə, üzün mimiki hərəkətlərinin dinamikliyi, ya da nitq anında nəfəs almaq davranışı da qoşulur. Kəkələmə 2–5 yaşlı uşaqlarda daha çox funksional səbəblərdən yaranır və korreksiyası 80 faiz halda öz-özünə 6–24 ay müddətində keçir. Qızlara nisbətən oğlanlarda 2 dəfə çox rast gəlinir. 
Bu məsələdə genetik tərəfi, cinsiyyət, eyni yumurta əkizlərindən birində varsa digərində olması riski kimi amillər nəzərə alınmalıdır. Vaxtında müdaxilə edilməzsə gələcəkdə xronik kəkələməylə üz-üzə qalmaq mümkündür. 2–5 yaşda uşaqda nitq sürətlə inkişaf edir, lüğət ehtiyatı artır, dilin qrammatik quruluşu formalaşır, artikulyasiya aparatı təkmilləşir, amma, bu dövrdə sinir sistemi möhkəm olmadığına görə, oyanma və tormozlanma arasındakı balans tez pozulur. Məsələn, uşaq danlandıqda, cəza aldıqda, kəkələmə güclənir. Uşaq yıxlır, başı harasa dəyir, yaxud, infeksion xəstəlik keçirir və kəkələmə yaranır. 
Digər yaş qruplarında və böyüklərdə isə kəkələmə, əsasən, nevroloji səbəblərdən yaranır, korreksiyasına uzunmüddətli vaxt tələb olunur. Bu şəxslərdə nitqin temporitmikası pozulmuş olur. Korreksiyadan sonra daha çox üzləşdiyimiz məqam kəkələmənin yenidən baş qaldırma təhlükəsidir. Kəkələmə mərkəzi sinir sistemi zəif olan şəxslərdə daha çox rast gəlinir. Xalq arasında daha çox kəkələmənin psixoloji travmadan sonra, qorxu-həyəcan anından sonra baş verdiyinə inanırlar. Amma bu qətiyyən səbəb deyil. Doğrudur, psixikanın kəkələməyə, kəkələmənin də psixikaya təsiri danılmazdır. Kəkələmə iş həyatına, sosial fobiyaya kimi hər şeyə təsir edir. Misal üçün “kəkələməm olmasa daha fərqli statuslarda olardım”– deyən pasiyentlərlə çox rastlaşmışam. Dərsi ən gözəl qavradığı halda lövhə qarşısında  danışmaqdan çəkinən şagirdlər az deyil.
– Müalicəsi necə aparılır?
– Kəkələmənin korreksiyasına gəldikdə, bu, daha çox nəfəs texnikalarının üzərində qurulur, nitqin temporitmik pozulmasının aradan qaldırılma texnikaları pasientə anladılır. Diafraqma nəfəsi öyrədilir. Amma pasientə bu texnikaları öyrətmək 10 dəqiqə vaxt alır. Burada əsas olan bunu gündəlik həyata inteqrasiya məsələsinin aşılanmasıdır. Yaşadıqca, idarə edilməklə bu problemin öhdəsindən gəlinir. Kəkələməni hər an hər şey qaytara bilər. Misal üçün terapiya bitir. 2 il sonra valideyn “uşağım yenə kəkələyir”– şikayətilə gəlir. Ona görə də bu terapiya daha çox günlük yaşantıya tətbiq edilməlidir. 
Burada mütləq psixoloq konsultasiyasına ehtiyac yaranır. Valideyn və müəllim, hətta cəmiyyət üzvləri belə hallarda həssas davranmalıdırlar. Kəkələmə zamanı fərdin sözünü bitirməsinə imkan yaratmalı və səbrlə gözləməli, motivasiya xarakterli davranış sərgilənməlidir. Lağ etmə, zarafat etmə kimi davranışlar yolverilməzdir. Müəllim bu işə cəlb edilməli, uşağın həmyaşıdları tərəfindən hədəfdə saxlanmasının qarşısı alınmalıdır.
Xarici təcrübədə kəkələyən şəxslər ilk öncə qüsurunu qəbul edir, eyni problemli şəxslərlə dərnəklərə qoşularaq bu problemin öhdəsindən necə gəlmək yollarında birgə addımlayırlar. Bu model örnək alınası bir modeldir və ölkəmizdə də yaradılmasının tərəfdarıyam.
– Valideynlərə tövsiyəniz.
– Nitq sonradan qazanılan qabiliyyət olduğuna görə də uşaqlarla mütləq emosional və sözlü, gözlərinin içinə baxıb ünsiyyət yaradın. Ağlayanda da, güləndə də reaksiya verin. Ana südü ilə qidalanan uşaqlar gələcəkdə nitq pozuntuları ilə az üzləşirlər. Qida vərdişlərinə xüsusi diqqət edilməli, qatı qidaya az yer verilməlidir. Valideynlər öz nitqlərinə xüsusilə fikir verməli, sözləri düzgün orfoepik qaydalarla deməli, lazım gəldikdə özləri də mütəxəssisdən məsləhət almalıdır. 
Uşağın eşidilən nitqində səhvlərə minimum yer verməli, müdaxilə etməlidir. Onunla yaşına uyğun psixoloji inkişafetdirici oyunlar oynamalıdır. Uşağa şəxsiyyət kimi yanaşmalı, onun öz fikir və istəklərini aktiv nitqlə söyləməsinə şərait yaradaraq, səbirlə dinləməlidirlər. “Uşağa yemək versək, onu böyütmüş olarıq, amma ünsiyyət versək, inkişaf etdirmiş olarıq”– şüarını unutmamağı tövsiyə edirəm.
Müsahibəni apardı:  

Zərifə BƏŞİRQIZI 
 XQ



Sosial həyat