Xəzər Abşeronu bağrına basıb

post-img

Abşeron ta qədim dövrlərdən saf, halal və qonaqpərvər insanların yurdudur. Hələ orta əsrlərdən bir çox görkəmli səyyahlar, elm və inanc sahibləri qeyd ediblər ki, Xəzərin sahilində yerləşən bu gözəl məkan sanki Ulu Yaradanın himayəsindədir. Onların sözlərinə görə, buranın qeyri-adi aurası var. Bu qumsal torpağın altı da, üstü də qızıldır. 

Abşeronun flora və faunası isə bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Bu gözəllikləri, zəngin təbii sərvətləri qorumaq və artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2005-ci il fevralın 8-də Abşeron Milli Parkı yaradılıb. Qeyd etmək lazımdır ki, parkın ərazisində əvvəllər Abşeron yasaqlığı mövcud olmuşdur. Yasaqlıq Abşeron yarımadasında, “Şah dili” adlandırılan ərazidə yerləşirdi. Sahəsi 800 hektar idi, ərazidəki su quşlarını və Xəzər suitilərinin yatağını qorumaq, həmçinin Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədilə 1969-cu ildə təşkil edilmişdi.

Hazırda Abşeron Milli Parkı 783 hektarlıq sahəni əhatə edir. Bundan 375 hektar quruya, 408 hektar isə dənizə aiddir. Burada son illər ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s) qorunub saxlanması üçün çox işlər görülüb. Parkda həmçinin turizm və istirahət (rekreasiya) zonaları yaradılıb. Əhalinin ekoloji cəhətdən maarifləndirilməsi məqsədilə bir çox layihələr icra olunub. Bu istiqamətdə işlər hazırda uğurla davam etdirilir.

Məlumat üçün bildirək ki, Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan su quşu, qırmızı qaz, bizquyruq ördək, yaşılbaş ördək, ağgöz qaraördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz çovdarçısı və s. parkın “daimi sakinləri”dir.

Ərazidə məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq və dovşana rast gəlinir. Milli Parkın Xəzərin sularına aid hissəsində isə suiti və həmçinin müxtəlif növ balıqlar mövcuddur.

Yeri gəlmişkən, Xəzər suitisi planetimizdə mövcud olan pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilmişdir.

Bu gün çoxları Azərbaycan xəritəsindəki Abşeron yarımadasını “qartalın dimdiyi”nə bənzədirlər. Rəvayətə görə, əvvəllər bura yüksək mənsəbli əyanlar, hətta şahlar, xanlar ova gələrmiş. Məhz buna görə buranı yerli əhali “Şah dili” adlandırıb.

Son onillər ərzində Abşeronun əsrarəngiz təbiətinin, bu yurdun hünərvər gözəl insanlarının şəninə çox sayda bir-birindən gözəl mahnı və melodiyalar bəstələnmişdir. Bunlardan istedadlı bəstəkar Elçin İmanovun şair Vüqar Əhmədin sözlərinə bəstələdiyi “Abşeronum mənim” mahnısı xüsusilə dillər əzbəridir.

Bu mahnının adı çəkiləndə, yəqin ki, çoxunuzun yadına müğənni Eyyub Yaqubovun ifasında səslənən bu sözlər yadınıza düşəcək: Göy Xəzərin beşiyisən, Abşeronum! Muğam-sənət keşiyisən, Abşeronum! Qara qızıl yatağıdır, Abşeronum mənim!

M.HACIXANLI

XQ

Sosial həyat