Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyası və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, “Paşa Holding” MMC-nin maliyyə dəstəyi ilə reallaşdırılan “Qarabağ KOB-ları layihəsi”nin 2024-cü ildə sosial müdafiə sahəsində gördükləri işlər müzakirə edilib.
Yığıncaqda müvafiq dövlət və biznes qurumlarının təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər. Əvvəlcə layihəyə dair video çarx nümayiş olunub.
Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək paketindən bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən dəstək paketinin bir istiqaməti olaraq nazirlik 25 min 300-dən çox şəxsin məşğulluğuna dəstək göstərib. Onların 12 min 200 nəfəri özünüməşğulluq proqramına, 1054-ü peşə hazırlığına cəlb edilib, digərləri münasib işlərlə təmin olunublar. Özünüməşğulluq proqramı çərçivəsində sosial tərəfdaşlarla birgə həyata keçirilən layihələr üzrə isə 524 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik təsərrüfatlar qurulub.
Müzakirədə “Qarabağ KOB-ları” layihəsinin şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstək verilməsində önəmi qeyd edilib. KOBİA tərəfindən təşkil olunan təlimlərlə layihə iştirakçılarının biznes biliklərinin və bacarıqlarının artırıldığı diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərlə bağlı məşğulluq tədbirlərindən də bəhs olunub, həmin sakinlərdən iqtisadi fəal əhalinin 86 faizinin işlə təmin edildiyi qeyd olunub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları layihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə 2023-cü ildən icra olunduğunu qeyd edib. Bildirilib ki, layihə çərçivəsində 2024-cü ildə Bakı, Gəncə, Bərdə, Goranboyla yanaşı, Füzulidə, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində 70 KOB subyekti yaradılıb. Ümumilikdə isə indiyədək layihə çərçivəsində 120 KOB subyekti yaradılıb. Onlar üçün biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən zəruri təlimlər keçirilib, seçdikləri fəaliyyət proqramları üzrə peşə kursları təşkil olunub. Təlimləri və peşə kursunu uğurla bitirənlər özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlarla təmin edilib. Layihədən faydalanmış sahibkarların məhsul və xidmətlərini təqdim edə biləcəkləri platforma da yaradılıb. “Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.
Layihəyə cəlb edilmiş Vətən müharibəsi iştirakçısının ailə üzvü Aynur Məmmədova və “PAŞA Holding” MMC-nin Aparat rəhbəri Dəyanət Sədullayev layihə barədə təəssüratlarını bölüşüblər.
Yeni sosial xidmət mərkəzləri
Sosial Xidmətlər Agentliyinin bu il yeni 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq. Onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.
Sosial xidmət mərkəzlərində sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevtlər tərəfindən əlilliyi olan uşaqlara və sosial xidmətə ehtiyacı olan digər şəxslərə, ailələrə sosial-reabilitasiya xidmətləri göstəriləcək. Bununla da agentliyin sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq.
Hazırda Abşeron, Sabunçu, Nərimanov, Yasamal sosial xidmət mərkəzləri və Sumqayıt sosial xidmət kabineti fəaliyyət göstərir. Həmin mərkəzlərdə əlilliyi olan uşaqlara və digər həssas kateqoriyadan olan şəxslərə sosial-psixoloji yardım xidməti göstərilir, onların cəmiyyətə uğurlu inteqrasiyası üçün sosial tədbirlər həyata keçirilir.
48,2 min şəxsə əlillik təyin edilib
Ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəffaflıq şəraitində 48 min 200 şəxsə əlillik təyin edib. Onlardan 23 min 900-nə ilkin, 24 min 300-nə isə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər – pensiya, müavinət, təqaüd təyin olunub.
DSMF-nin gəlirləri artıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2024-cü ildə proqnozla müqayisədə 1 faiz və ya 71 milyon manat çox olmaqla 7 milyard 20 milyon manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 5 faiz və ya 273 milyon manat artaraq 5 milyard 752 milyon manat olub. 2024-cü ildə DSMF-nin xərcləri 6 milyard 889 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 13 faiz və ya 808 milyon manat çoxdur.
Zərifə HÜSEYNOVA
XQ