Şəmkir: bu gündən sabaha boylanan şəhər

post-img

Şəhər deyəndə Şəmkirin rayon mərkəzini nəzərdə tutmuram. Nədənsə, Şəmkirə rayon deməyə adamın dili gəlmir. Geniş küçə və prospektlər, çoxmərtəbəli yaşayış binaları, bir-birindən gözəl park və xiyabanlar, təhsil, səhiyyə, mədəniyyət ocaqları, sahibkarlıq obyektləri və digər tikililər Şəmkiri çox dəyişib. Özü də belə mənzərə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də müşahidə olunur.

Son iki-üç ildə bu inkişaf xüsusilə diqqət çəkir. Nəzərə çarpan daha çox adamların işə, öz doğma rayonuna münasibətinin dəyişməsidir. İndi Şəmkir çox az şəhər və rayonlardandır ki, kiminsə dilindən “iş yoxdur” ifadəsi eşitmək mümkün deyil. Çünki rayonda istər icra strukturları, istərsə də hüquq-mühafizə orqanları, digər müvafiq təşkilatlar işləmək üçün münbit şəraitin yaradılmasına bilavasitə kömək göstəriblər, hər cür neqativ hallara qarşı birgə mübarizə aparıblar və bu iş indi də davam edir,  bəhrəsini də hamı görür.

“İşi hesabat xətrinə görmə...”

Yarımsərlövhəyə çıxardığım sözləri rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev dedi və sonra da əlavə etdi ki, biz ilk növbədə adamları fikirləşməliyik, onların gələcəkdə bu işi görənlər haqqında nə deyəcəklərini düşünməliyik. Tutaq ki, hər hansı bir yola bu gün asfalt döşənir və o bir ildən sonra pis vəziyyətə düşəcəksə, yaxşısı budur eləmə, qoy elə əvvəlki kimi qalsın. Yəni “filan küçəyə asfalt vurduq” deyərək üzdəniraq hesabat verməkdənsə, vicdanını mizan tərəzisinə qoyub “bu il sizin küçəni çatdıra bilmirik” deyib həqiqəti söyləmək daha şərəfli, daha hörmətlidir. Yeri gəlmişkən, Şəmkirdə yolların asfaltlanması və yenidəın qurulması ilə məşğul olan “Gəncə Körpü Tikinti-2” ASC-nin sədri Aqibət Məmmədovla bu mövzuda söhbət edərkən dedi ki, “Rəşad müəllimin işə qiymət verməyi bacarması, başlıcası isə özünün nəzarəti və bu işi heç də yol inşaatçılarından pis bilməməsi həmişə diqqətimi cəlb edib. Belə adamlarla işləmək biz inşaatçılara da asandır. Çalışırıq ki, keyfiyyətli iş görək, kiminsə yanında xəcalətli qalmayaq. Şəmkir bizim tarixi İpək

Yolu üzərində yerləşən Gəncədən sonra ikinci böyük yaşayış məskənimizdir. Gərək hər bir işi ölçüb biçək, rayonun tarixini, dünənini, bugününü unutmayaq”. Əslində, rayon icra hakimiyyətinin başçısı ilə bu dəfə görüşümüzə bəlkə də heç ehtiyac yox idi. Çünki təxminən yarım il qabaq, dəqiq desəm, “Mətbuat Günü” ilə bağlı Qərb bölgəsi jurnalistlərini rayona dəvət edib onları təbrik etməsi, çay süfrəsi arxasında səmimi söhbəti kifayət idi ki, Şəmkirdə bu gün gedən işlər haqqında oxucuya geniş məlumat verə bilək. Çünki rayonun iqtisadiyyatı, aparılan abadlıq-quruculuq işləri haqqında, adamların günü-güzəranı barədə o qədər ətraflı, müfəssəl məlumat vermiş, faktlar, rəqəmlər gətirmişdi ki, əlavə suala ehtiyac qalmamışdı. Amma mətbuata daim açıq olan rayon rəhbəri bu dəfə də çox böyük məmnuniyyətlə dərhal razılıq verdi.

Şəmkir – Günəşə tapınanların yurdu 

Yüz il qabaq, dəqiq desək, 1924-cü ildə İstanbulda “Müxtəsər Azərbaycan tarixi” adlı bir kitab dərc olunub. Müəllif Şəmkirin adının mənasını “Şəmkir–Şəms-günəş və kirtapınan” kimi izah edib. Başqa sözlə, Şəmkir Günəşə tapınanların yurdu deməkdir. Bu barədə rayon rəhbəri ilə söhbət edərkən gülümsəyib dedi ki, “nədənsə bu izah daha çox xoşuna gəlir və Şəmkiri, onun adamlarını çox doğru xarakterizə edir”. Sonra da əlavə etdi ki, “Günəş burada adamlara sanki çox yaxındır və bu yerlərin adamları da həmin təmasdan, yaxınlıqdan, səxavətdən çox bacarıqla istifadə edirlər. Həddindən artıq zəhmətkeşdirlər. Torpaqda da ki, nə əkirsən, bitir və bütün bunlara görə təbii ki, Günəşə minnətdardılar...”
Müxtəlif mənbələrdə Şəmkirin adı Şəmkür, Şamkür, Şamxor və sair kimi çəkilir ki, bunlar öz yerində, mövzumuz o deyil. Amma bir fakt dəqiqdir ki, Şəmkirin adı eramızdan əvvələ gedib çıxır. Yəni hələ 1500 il qabaq o dövrün hadisələrini araşdıran ərəb müəllifləri Əl-Bəlazuri, İbn-əl-Fəqih və digərləri Şəmkirin adını “çox qədim şəhər” kimi çəkirlərsə, özünüz nəticə çıxarın. Yəni bölgənin əlverişli təbii-coğrafi şəraiti bu ərazidə insanların çox erkən məskunlaşmasını şərtləndirmiş, hələ eneolit dövründə burada erkən əkinçi-maldar qəbilələr yurd salmış, tunc və dəmir, eləcə də sonrakı dövrlərdə intensiv həyat olmuşdur. Bütün bunlar bölgənin çoxsaylı müxtəlif tipli arxeoloji abidələrində də öz əksini tapmışdır.
Yeri gəlmişkən buradan tapılmış maddi-mədəniyyət abidələri və yazılı qaynaqlar qədim dövrdə və orta əsrlərdə Şəmkir ərazisində şəhər mədəniyyətinin formalaşdığını da sübut edir. Bu şəhər Cənubi Qafqazda ticarət yollarının üzərində yaranmış, inkişaf etmiş, Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynamışdır.
Bir məsələni də qeyd edək ki, XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycan ərazisinə müdaxiləsindən sonra bütün rəsmi sənədlərdə Şəmkir adı əvəzinə Şamxor adı üstünlük təşkil edir. 1930-cu ildə indiki Şəmkir rayonu inzibati rayon kimi təşkil olunmuş və bu hal 1991-ci il Şəmkir adının bərpasına qədər davam etmişdir.
Şəmkirin geniş sosial-iqtisadi potensialına baxmayaraq, müharibədən sonrakı dövrdə ondan kifayət qədər istifadə olunmurdu. Bu sahədə əsaslı dönüş ümummilli lider Heydər    Əliyevin Azərbaycana  rəhbərliyi dövründə  baş vermişdir.  Şəmkir SES silsiləsinə daxil olan Şəmkir (1982) və Yenikənd (2000) SES-lərin tikilməsi və istifadəyə verilməsi Heydər Əliyevin Azərbaycan strategiyasının mühüm tərkib hissələrindəndir. 2003-cü ilin oktyabrında cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin qarantına çevrildi. Ölkə rəhbərinin yürütdüyü uğurlu daxili siyasətin nəticəsidir ki, respublikamızın digər şəhər və rayonları kimi Şəmkir də dinamik inkişafı ilə seçilən, gündən-günə abadlaşan bir diyara çevrilməkdədir. 

Şəmkir birinci yerə necə çıxdı?

Söhbət Dövlət Statistika Komitəsinin 2023-cü ilin yekunları ilə bağlı açıqladığı rəqəmlərdən gedir. Komitənin hesablamalarına əsasən respublikanın inzibati ərazi vahidləri arasında kənd təsərrüfatı məhsullarının həcminə görə Şəmkir rayonu 1-ci sırada qərarlaşıb. Belə ki, 2023-cü ildə Şəmkir rayonunda 746757,3 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da ondan əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz çoxdur.
Yazılarımda daha çox rəqəmlər sadalamağı sevmirəm. Amma necə qeyd etməyəsən ki, 2023-cü il ərzində əvvəlki illə müqayisədə Şəmkir rayonunda bitkiçiliyin ənənəvi sahələrindən olan tərəvəz istehsalında 7,7 faiz, strateji məhsul hesab olunan buğda istehsalında 16,3 faiz, eyni zamanda şəkər çuğunduru istehsalında 40 faiz, qarğıdalı istehsalında 15 faiz, kartof istehsalında 6,2 faiz artım əldə olunub. Ən sevindirici hal odur ki, əldə olunan yüksək məhsuldarlıq daxili bazarın təmin olunması ilə yanaşı məhsulların xarici ölkələrə ixrac edilməsinə də zəmin yaradıb.
Əslində Şəmkirin bu sahədə, necə deyərlər, ilk işartıları 2022-ci ildən görünməyə başlamışdı. Rayon icra hakimiyyətinin rəhbərliyi, digər müvafiq qurumların nümayəndələri yerlərə, iş adamlarının yanına daha çox getməyə, onların dərd-səri ilə maraqlanmağa, problemlərinin həllində yaxından iştirak etməyə başlamışdılar. Hər görüş, hər söhbət, hər diqqət və qayğı bəhrəsini verirdi. 
Rasim Mustafayev, rayon icra hakimiyyəti ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri:- Rəşad müəllim elə səyyar görüş yoxdur ki, adamları torpağa bağlılıqla əlaqədar daha fəal olmağa, imkanlardan maksimum yararlanmağa səsləməsin. O, dönə-dönə qeyd edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda əlverişli biznes mühiti yaradılıb, sahibkarlara heç bir təzyiq yoxdur,  regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası xüsusi nəzarət altındadır... Şəmkirdə kəndlər vardı heç öz həyətyanı sahəsindən istifadə etmək istəmirdi. Amma indi əkib-becərməyən adam yoxdur. Digər tərəfdən yerlərdə qaldırılan problemlər, çatışmazlıqlar rayon icra hakimiyyəti tərəfindən ciddi nəzarətə alınır. Növbəti görüşlərdə onların icrası ilə bağlı sakinlərə məlumat verilir. Ayrı-ayrı sahibkarlar bir vaxtlar təkcə rayon mərkəzində iş görmək, kapital yatırmaq istəyirdilərsə, indi ən ucqar kəndə belə gedib iş görmək niyyətindədirlər. Təkcə 2023-cü il ərzində sahibkarlar tərəfindən 24 milyon 884 min manat dəyərində investisiya layihələri nəzərdə tutulmuş, onun böyük hissəsi, yəni 15 milyon 603 min manatı sərf edilmişdir. Cəlb edilmiş investisiyalar əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, istixanaların və meyvə bağlarının yaradılması, yaşayış binalarının tikintisi, müxtəlif ticarət və xidmət sahələrini əhatə edir. İnvestisiya layihələrinin icrası makroiqtisadi göstəricilərin artırılması ilə yanaşı, məşğulluq məsələlərinin həllinə də öz töhfəsini verməkdədir.
Əslində rayon rəhbəri də, digər məsul şəxslər də, elə kənd təsərrüfatı ilə məşğul olan sıravi adamlar da, sahibkarlar da yekdilliklə bildirdilər ki, ölkə Prezidenti tərəfindən bu sahəyə diqqət yetirilməsi, kənd təsərrüfatının inkişafı məqsədilə çoxsaylı proqramların icra olunması, xüsusilə cənab Prezidentin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azad olunması, eyni zamanda bitkiçilik və heyvandarlıq sahəsində subsidiyaların verilməsi mexanizminin yaradılması bu uğurların ana xəttini təşkil edir.
Bu rəqəmə də fikir verin. Bir il qabaq Şəmkirdə 1158045,4 min manat həcmində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətdə 6,6 faiz çox olmuşdur. Maraqlıdır ki, həmin göstərici üzrə  Şəmkir respublikada bir çox şəhər və rayonları geridə qoymuşdur. Başqa sözlə, Bakı, Sumqayıt şəhərləri, Abşeron, Laçın rayonları və Gəncə şəhərindən sonra 6-cı yerdə qərarlaşmışdır.

İpək yolu üstündə şəhər

Yuxarıda qeyd elədik Şəmkirdə görülən hər bir işin həm keyfiyyətinə, həm xarici görkəminə, həm də davamlılığına xüsusi fikir verilir. Rayona son illər gələn qonaqların, turistlərin nəzərəçarpacaq dərəcədə çoxalması, digər tərəfdən Şəmkirin özünün böyüməsi, əhalisinin sayının sürətlə artması bu qədim diyarın qayğısını hər gün, hər saat çəkmək tələb olunur. 
Rayon inkişaf, tərəqqi yolundadır. Bu, açıq-aydın görünür. Elə isə nədən başlanmalı idi. Təbii ki, yollardan. İlk növbədə, yaşayış məntəqələri arasında avtomobil nəqliyyatı ilə kommunikasiyanın yaxşılaşdırılması baxımından mühüm önəm kəsb edən avtomobil yollarının təmiri işləri diqqəti cəlb edir. Bu istiqamətdə icra edilən layihə çərçivəsində 2022-ci ildə Şəmkir şəhərinin ümumi uzunluğu 4,75 kilometr təşkil edən 7 küçəsində yeni asfalt örtüyü çəkilmiş, 3 küçəsində isə yol örtüyünün cari təmiri işləri aparılmışdır. Sözügedən istiqamətdə 2023-cü ildə görülən işlərin miqyası genişləndirilmiş, şəhərin 8 küçəsində, o cümlədən rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Kür qəsəbəsində ümumi uzunluğu 5,6 kilometr təşkil edən yollarda əsaslı təmir işləri aparılaraq yeni asfalt örtüyü çəkilmiş, 5 küçədə isə cari təmir işləri aparılmışdır. Bu iş yenicə yola saldığımız ötən ildə də əsas vəzifələrdən biri olmuşdur. Fəaliyyət planına uyğun olaraq hazırda icra olunan layihə çərçivəsində Şəmkir şəhərinin 6 küçəsində, həmçinin Çinarlı qəsəbəsinin mərkəzi küçələrinin birində ümumi uzunluğu 5,38 kilometr təşkil edən avtomobil yollarının asfaltlanması işləri başa çatmışdır. 2024-cü ildə daha 13 küçədə cari təmir işləri aparılmışdır.
Beləcə ötən illərdə həyata keçirilən  abadlıq-quruculuq işləri nəticəsində Şəmkir şəhəri öz görkəmini xeyli dəyişmiş, əhalinin və şəhərin qonaqlarının diqqətini cəlb etməklə onların razılığına səbəb olmuşdur. Eyni zamanda şəhərin ümumi ərazisi 20 hektar təşkil edən 5 parkında təmir işləri aparılmış, uşaq-oyun meydançası, idman qurğuları quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
...Şəmkir yol üstündədir, tarixi İpək Yolu üzərində. Bu da rayonun icra strukturlarından əlavə bir məsuliyyət tələb edir. Yəni yaxşısı da, pisi də bu rayonun adına yazılır. Kim istəyər ki, buradan keçən qonaq hansısa bir tikiliyə, səkiyə baxıb dodaq büzsün. Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsi isə az deyil, böyük bir məsafəni əhatə edir. İndi magistral yoldan keçənlər inanmırlar ki, bu gözəllik rayonun daxili imkanları hesabına keçən ilin cəmi 7-8 ayında yaradılıb.  Layihə çərçivəsində 300-dən artıq fərdi yaşayış evlərində təmir işlərinin aparılması, evlərin suvanması, rənglənməsi, eyni zamanda 1915 metr uzunluğunda hasarların çəkilməsi, razılaşın ki, asan məsələ deyil. Üstəlik, yeni yaşıllıqların salınması da unudulmayıb. Əgər 2022-2023-cü illərdə keçirilmiş aksiyalarda ümumilikdə 10 min ədədə yaxın ağac əkilmişdisə, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində ümumilikdə 15 min 200 ədəd müxtəlif növ ağac və kollar əkilmişdir. 
Şəhərin, kənd və qəsəbələrinin son zamanlar daha təmiz saxlanması tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi sahəsində genişmiqyaslı işlər də diqqəti cəlb edir. Yadımdadır, bir neçə il qabaq yol kənarlarında, xüsusilə bir çox kənd və qəsəbələrdə addımbaşı qalaq-qalaq toplanan, tüstülənən zibil tullantılarına rast gəlinirdi. Səbəbini soruşanda məişət tullantıları qablarının çatışmaması ilə əlaqələndirirdilər. Rayon icra hakimiyyəti bu vacib məsələnin də həllini axtarıb tapıb və illərdən bəri davam edən problem yoluna qoyulub. Kommunal Müəssisələr Kombinatında tullantı qutularının hazırlanması məqsədilə istehsal sahəsi yaradılmış, həmin sahədə müasir standatrlara cavab verən tullantı qutuları istehsal edilməsinə başlanılmışdır. İstehsal sahəsinin fəaliyyəti nəticəsində büdcə vəsaitlərinə xeyli qənaət edilmişdir. Hətta qənaət edilmiş vəsaitlər hesabına 2 ədəd xüsusi nəqliyyat vasitəsi alınaraq istismara buraxılmışdır. Görülən işlər əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına, şəhərin təmizliyinin təmin olunmasına zəmin yaratmışdır.

“Şəhidlər qürurumuz, evləri əziz ünvanımızdır”

Yuxarıdakı cümlə rayon icra hakimiyyəti başçısı aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elgün Seyidova məxsusdur. “Şəhid ailələrindən, qazilərdən daxil olan məktublara yəqin ki, dərhal reaksiya verilir” sözlərimizə aldığımız cavabdır. Sonra da çoxlu minnətdarlıq məktubları göstərdi və əlavə etdi ki, icra hakimiyyəti şəhid ailələrini, qaziləri bir  an belə unutmur. Mütəmadi görüşlər keçirilir, sosial təminatlarının artırılması istiqamətində tədbirlər görülür.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Şəmkir RİH şəhid ailələrinə 74 min 850 manat, aztəminatlı ailələrə 87 min 268 manat, ümumilikdı isə 162 min 118 manat məbləğində maddi yardım göstərilmişdir. 2023-cü ildə isə bu rəqəm şəhid ailəsi üzvləri və qazilər üçün 210 min 700 manat, aztəminatlı ailələr üçün 70 min 710 manat, ümumilikdə isə 281 min 410 manat məbləğində olmuşdur. 2024-cü ildə də şəhid ailələri, qazilər, müharibə veteranları və aztəminatlı ailələr dövlət dəstəyindən yararlanmışdır. Belə ki, il ərzində rayon icra hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərə 309 min 600 manat, aztəminatlı ailələrə 121 min 132 manat, ümumilikdə 430 min 732 manat məbləğində yardım olunmuşdur. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları olan övladları hər cür diqqət və qayğı ilə əhatə olunur, ehtiyaclarının ödənilməsi istiqamətində işlər görülür.
Rayonda hər il şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq müxtəlif sosialyönümlü layihələr icra olunur. Şəhid övladlarının psixoloji inkişafına dəstək olmaq məqsədilə Yeni il, Novruz Bayramı, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  ayrıca müxtəlif tədbirlər keçirilir, əyləncəli gəzinti turları təşkil olunur. 
Rayonda şəhid adının əbədiləşdirilməsi istiqamətində də məqsədyönlü işlər görülür. Belə ki, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək üçün rayon icra hakimiyyətinin təşəbbüsü və köməyi ilə möhtəşəm Abidə kompleksi tikilib. Hündürlüyü 7,6 metr olan nəfis görünüşə malik bu kompleks Şəhidlər Xiyabanındakı  səkkizguşəli ulduz təsvirinin üzərində ucaldılıb. Abidənin ətrafındakı xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ müharibələri dövründə, Aprel Zəfərində canlarını Vətən uğrunda qurban verən şəhidlərimizin, itkin düşənlərin məlumatları həkk olunub. 
...Şəmkir uğurlu yoldadır. Qədim diyarın zəhmətsevər adamları isə bu yolun yolçularıdır. Onlar Şəmkirin bu gününə və sabahına güvənirlər.

Hamlet Qasımov,  
XQ-nin bölgə müxbiri 
Şəmkir  







Sosial həyat