Hökumə dayanmadan təkrarlayırdı: “Hər şey yaxşı olacaq”
Sübxonkul Rəhimov dekabrın 25-də AZAL-a məxsus Bakı– Qroznı reysilə uçan “Embraer 190” təyyarəsinin qəzaya uğrayan sərnişinlərindən biridir. Tacikistan əsilli bu insan 24 ildir Rusiyada yaşayır və bu ölkənin vətəndaşıdır. Qəza ərəfəsində təyyarənin göyərtəsindən çəkilmiş videoda Sübxonkulun uca səslə Allaha dua etməsi və kəlmeyi-şəhadət oxuması sosial şəbəkələrdə hamını duyğulandırdı.
O, qəzada yüngül xəsarətlər alan 29 nəfərdən biridir. Sübxonkulun çəkdiyi video ilə bələdçi Hökümə Əliyevanın qəhrəmanlığı da ictimailəşdirildi.
Yəqin ki, Sübxonkul Rəhimov “Allahu Əkbər!” deyib həmin videonu çəkməsəydi, heç kim Hökumənin qəhrəmanlığına bu qədər yaxından şahid olmayacaqdı. Bəlkə də, sərnişinlərdən kimsə Hökumənin həmin vaxt göstərdiyi şücaət barədə haradasa, nəsə danışacaqdı. Amma onun “Hər şey yaxşı olacaq!” sakitləşdirici nidası indiki kimi yaddaşlara köçməyəcəkdi. Tacik sərnişin həmin anları videoya almaqla Hökumə Əliyevanın qəhrəmanlığını yaddaşımızda əbədiləşdirdi…
Sübxonkul Rəhimov sağ qalmış sərnişin kimi mediaya açıqlamasında AZAL-ın təyyarəsinin qəzaya uğramasından əvvəl baş verən hadisələrdən, habelə qəza vəziyyətində olan təyyarənin sərnişinlərinə kömək edən ekipajın qəhrəmanlığından danışıb: “Mürgüləyirdim, sonra hiss etdim ki, təyyarə yüksəlir. Gözlərimi pəncərənin şüşəsindən açıb aşağıya baxanda duman olduğunu gördüm. Belə başa düşdüm ki, təyyarəmiz ikinci dövrəni vurur və biz eniş edəcəyik”.
Pilotların manevrləri belə təsəvvür yaradıb ki, onlar təyyarəni ikinci dəfə endirməyə çalışırlar: “Mən aşağıda Qroznı şəhərinin olub-olmadığını dəqiq deyə bilmərəm, çünki dumandan görünmürdü”. Sübxonkulun sözlərinə görə, sonra partlayış səsi eşidilib və silkələnmə nəticəsində təyyarədəki oksigen maskalarının bir qismi yerə düşüb: “Təyyarə şiddətlə silkələndi, sonra yüksəlməyə başladı və bu, xeyli davam etdi. Bir qədər sonra təyyarə daha aşağıdan uçmağa başladı. Sonra hava aydınlaşdı və dəniz göründü, amma təyyarə, nədənsə, yırğalana-yırğalana uçurdu. Həmin anda mənə elə gəldi ki, partlayış səsindən sonra təyyarə idarəolunmaz hala düşüb, sanki, “asılıb yellənir”. Ardınca hiss etdim ki, təyyarə çətinliklə də olsa idarə olunmağa başlandı”.
Həmin anlarda təyyarədəki sərnişinlər həyəcana düşüblər. Artıq hamı başa düşüb ki, təyyarə ağır qəza vəziyyətindədir. Və həmin dəqiqələrdən Sübxonkul Rəhimov dualar oxumağa, kəlmeyi-şəhadət söyləməyə başlayıb, daha sonra oturduğu kresloda namaz qılıb. Təyyarə qəza enişi edərkən əmələ gələn partlayış və zərbənin dalğası onu oturduğu yerdən xeyli geri atıb, başından zərbə alıb, amma huşunu itirməyib.
“Gözlərimin önündə bir yanğın olduğunu xatırlayıram, bir növ sarı alov var idi, sonra bir neçə saniyə keçdi, hər şey sakitləşdi, mən sağ qalmağımdan şoka düşdüm”, – deyə S.Rəhimov aviagəminin qəzaya uğramasından sonrakı faciəli anları xatırlayıb.
Təyyarənin quyruğu yerə dəyərkən zərbə onu xeyli uzağa atıb. Həmin anadək S.Rəhimov təyyarənin arxa hissəsində 39-cu oturacaqdakı yerdə əyləşibmiş.
Videoda o, azərbaycanlı stüardessa Hökümə Əliyevanın iradə və əzmindən də danışıb. Onun sözlərinə görə, stüardessa vəzifə borcunu axıra qədər məharətlə yerinə yetirib, sərnişinləri sakitləşdirməyə çalışıb, özünü itirməyib, qorxmayıb: “Özünü çox təmkinli aparırdı. Səsi mənim çəkdiyim videoda eşidilir. O, azərbaycanca danışır, hamını sakitləşdirməyə çalışır, hər şeyin yaxşı olacağını deyirdi. Hər şeyi təlimatlara uyğun olaraq, son ana qədər salondakı insanları vahiməyə, qorxuya düşməməyə çağırırdı”.
Həmin kadrlarda stüardessanın üzü görünməsə də, səsi eşidilir, bələdçi xanım azərbaycanca deyir ki, hamı sakit olsun, yerində otursun, ara keçiddə dayanmasın, kəmərini bağlasın: “Mən onun göstərişinə əməl etdim və kreslonun söykənəcəyinə sıxıldım”.
Qəzadan bir neçə dəqiqə sonra S.Rəhimov təhlükəsizlik kəmərindən azad olub. Ətrafda qarışıqlıq yaranıb, kimsə inildəyib, kimsə ayağa qalxıb salondan çıxmağa çalışıb. O, qəzadan sonra sağ qalan digər xanım stüardessanın yaralandığını, bələdçi kişinin isə qeyri-müəyyən vəziyyətdə olduğunu və çətinliklə danışa bildiyini görüb: “Mən onlardan soruşdum ki, burada ehtiyat çıxış varmı, onun yerini göstərin ki, açaq. Salonu duman bürümüşdü, onlar hələ özlərinə tam gəlməmişdilər və mən cavab ala bilmədim. Sonra kresloda düşüb qalan və inildəyən iki qadına kömək etməyə çalışsam da, bacara bilmədim… Az sonra hadisə yerinə təcili yardım gəldi”.
S. Rəhimov Qazaxıstanın hadisə yerinə çatan xilasetmə briqadalarının operativliyinə, xəsarət alan sərnişinlərə yardımın vaxtında təşkilinə görə minnətdarlığını bildirib.
Hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ