Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək, şəhidlərimizdən bizə əmanət qalan fidanları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və “Dəmir yumruğ”u ətrafında birləşən ordumuzun şücaəti sayəsində işğaldan azad olunan tarixi torpaqlarımıza yenidən həyat qayıdıb. Yurd yerlərimiz bir-birinin ardınca sürətli şəkildə yenidən qurulur, soydaşlarımız Qarabağa geri dönərək təhlükəsiz şəkildə həyatlarına davam edirlər. Güclü və yenilməz Azərbaycan Ordusu istənilən hərbi təxribatı yerindəcə məhv etməyə və lazımi cavab tədbirləri görməyə qadirdir.
Tədbir zamanı bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaqların xoşbəxt və firavan yaşaması üçün lazım olan hər bir şərait təmin edilir. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və onların əmanət qalan övladlarına xüsusi diqqət və qayğı göstərilir.
Şəhid ailələri də öz növbəsində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onları diqqətdə saxladıqlarına və göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.