Təyyarə qəzasında həlak olan Balakən və Zaqatala sakinləri dəfn edilib

post-img

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Balakən sakinlərinin nəşi doğulduqları kəndlərə gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məleykə Anqbazova Meşəşambul kənd, Yadigar Mehdiyev Şambul kənd, Həmzət Qurbaçov Xalatala kənd, Rəşid və İbrahim Qıstarovlar Şərif-2 kənd, Möminət Qoqamova Qabaqçöl qəsəbə, Rəna Yeznəyevə Yeni Şərif kənd və Mahmud Tütünçiyev Mahamalar kənd qəbiristanlıqlarında dəfn olunublar.

Zaqatala rayonuna isə təyyarə qəzasında həlak olan 5 nəfərin cənazəsi gətirilib. Arif Caraev, Hacıibrahim Caraev, Xixri Ceerov Danaçı kənd, Nərminə İgidova Höytala kənd və İbrahimxəlil Kostiyev Maqov kənd qəbiristanlığında dəfn ediliblər.

Dəfn mərasimlərində kənd sakinləri ilə yanaşı, Balakən və Zaqatala rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.







Sosial həyat