Həyatın yenidən canlandığı Laçın şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir. Bu il də Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar silsilə tədbirlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlər proqramına əsasən əvvəlcə Laçının balaca sakinləri üçün seyrəngahda bayram şənliyi təşkil edilib. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin balacalar üçün kreativ oyunlar, master klaslar, face-art təşkil edilib.
Qeyd edək ki, tədbir günün ikinci yarısında Laçın şəhərində "Can Laçın qış möcüzəsi" yarmarkası və "Ay Laçın" adlı Yeni il konserti ilə davam edəcək. Yarmarkada Laçında istehsal olunan məhsullar, milli mətbəximizi əks etdirən nümunələr yer alacaq.