Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bunun nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dövlət tərəfindən elan olunmuş matəm günlərində Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində dekabrın 26-27-də başsağlığı kitabı açılıb və Dövlət Bayrağı yarıyadək endirilib.
AZƏRTAC xəbər verir ki, səfirlik Misirin dövlət qurumları, habelə Qahirədə akkreditə olunan xarici dövlətlərin diplomatik missiyalarına başsağlığı kitabının açılması ilə bağlı nota ünvanlayıb. Bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, bir sıra nazirliklərin nümayəndələri, Qalyubiyyə vilayətinin qubernatoru, Misirin tanınmış sənət adamları, Azərbaycan icmasının üzvləri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıblar. Həmçinin səfirliyin elektron poçtuna və sosial şəbəkə səhifələrinə də başsağlığı sözləri göndərilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə