“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı ölkəmizin Pakistandakı səfirliyində dövlət bayrağı yarıya endirilib, xatirə kitabı açılıb.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif təyyarə qəzası ilə əlaqədar dekabrın 26-da Azərbaycanın Pakistandakı səfirliyində olub. Baş nazir “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.
Məhəmməd Şahbaz Şərif xatirə kitabına ürək sözlərini yazıb. Pakistan ilə Azərbaycanın hər zaman həmrəylik nümayiş etdirdiyini qeyd edən Baş nazir Pakistanın qardaş Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
İslamabad