Gürcüstan parlamentinin sədri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində olub

post-img

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda da anılıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 26-da Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, xarici işlər naziri Maya Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, Suxumi Dövlət Universitetinin rektoru Zurab Xonelidze, Qriqol Robakidze Universitetinin prorektoru Vaxtanq Çaraya, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Qazaxıstanın Gürcüstandakı səfiri Malik Murzalin, Türkiyənin bu ölkədəki səfiri Ali Kaan Orbay, Kuba Respublikasının Azərbaycan və Gürcüstandakı səfiri Karlos Enrite Valdes, ictimaiyyət xadimləri, Azərbaycan icmasının üzvləri, tələbə və gənclər Azərbaycanın Gürcüstandakı səfirliyinə gələrək AZAL şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı veriblər.

Təyyarə qəzasında həlak olanların və şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra qonaqlar başsağlığı kitabına ürək sözlərini yazıb, Azərbaycan xalqının dərdinə şərik olduqlarını bildiriblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi





Sosial həyat