Azərbaycanlı alimlər İstnbulda keçirilən beynalxalq konfransda çıxış ediblər

post-img

Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Mədəni İrsin Konservasiyasında Gənclər - YOCOCU" IX beynəlxalq konfrans keçirilib. Konfransın əsas təşkilatçıları mərkəzi Romada yerləşən Beynəlxalq YOCOCU Asossiasiyası və İstanbul Universitetidir. Konfransın təşkili mədəni irsdə yaranan problemlərə dair konstruktiv, tənqidi və fənlərarası müzakirələri təşviq etmək məqsədi daşıyıb. 

Açılış mərasimində Beynəlxalq YOCOCU Asossiasiyasının vitse-prezidenti Dr. Fernanda Prestileo çıxış edərək doqquzuncu konfransın mövzusundan və əhəmiyyətindən danışıb. Daha sonra konfrans təşkilat komitəsinin üzvlərinin çıxışları ilə davam edib. Konfransda bölmələr üzrə “Mədəni irs strategiyaları: innovativ muzeylər, təhsil və qiymətləndirmə”, “Mühitin və mədəni irsin qorunması və qiymətləndirilməsi: metodlar, materiallar, strategiyalar, nümunələr” və “Mədəni irsdə yeni sərhədlər: innovasiya, rəqəmsal texnologiyalar və kommunikasiya” mövzuları əsasında müzakirələr aparılıb.  

Tədbirdə Türkiyə, İtaliya, Azərbaycan, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Portuqaliya, Fransa, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, Böyük Britaniya, İran, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən 120-dən çox alim və tədqiqatçı canlı, poster və onlayn məruzələrlə çıxış edib. 
Beynəlxalq tədbirdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Azərbaycan mədəniyyətinin təbliğində Nizami muzeyinin  rolu” və kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva “Roma Panteonu və Nizami muzeyinin memarlığı” mövzuları əsasında poster təqdimat ediblər.        

 
Konfransın yekununda Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Beynəlxalq YOCOCU Asossiasiyasının növbəti “Mədəni İrsin Yaşıl Konservasiyası” VI beynəlxalq elmi-praktiki konfransının 2025-ci ildə Şuşa şəhərində keçirilməsi təşəbbüsü ilə çıxış edib.


XQ

 







Sosial həyat