Şimali Kaliforniyanın San Xose şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri, diplomatlar, San Xose şəhərinin hökumət və bələdiyyə üzvləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Sevinc Boisvert açılış nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyib, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Təbrik nitqi ilə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi barədə məlumat verib, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.
San Xose Şəhər Şurasının üzvü Bien Doan Azərbaycan Cəmiyyətinin Silikon vadisindəki fəallığından, xüsusilə də informasiya texnologiyaları və digər sahələrdə soydaşlarımızın aktivliyindən, ABŞ cəmiyyətinə inteqrasiyasının önəmindən danışıb.
ABŞ-də yaşayan diaspor fəalları Nurlan Şükürlü, Könül Əliyeva Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərdən bəhs edib, milli-mədəni dəyərlərimizin yaşadılmasında birlik və həmrəyliyin əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbirin bədii hissəsi milli musiqi və rəqslərlə davam edib. Qarmon ustası Xəqani Səmədovun, müğənni Asif Yusifovun və tanınmış xoreoqraf Rozi Alməmmədovanın rəhbərlik etdiyi Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan rəqs ansamblının çıxışları iştirakçıların alqışları ilə qarşılanıb.