Milli Kitabxanada “Ailə kiçik dövlətdir!” adlı virtual sərgi onlayn rejimdə  istifadəçilərə təqdim olunub

post-img

Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına və inkişafına çalışır.  

“Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir” - deyən ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib, ailələrin sosial problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər görülüb, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaradılıb. Azərbaycan Respublikası Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit olunub və dövlətin himayəsində olduğu qeyd edilibr. Bununla da dövlət ailənin qorunmasına, onun sosial quruluşunun və nüfuzunun müdafiəsinə təminat verib.

Azərbaycanda ailə münasibətlərinin hüquqi tənzimlənməsini həyata keçirən əsas sənədlərdən biri 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsidir. Bu sənəd ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir. 

Bu gün respublikamızda təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ailələrin sağlam əsaslar üzərində qurulması,  bu sosial təsisatın qorunması və müdafiə edilməsi istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir.

Milli Kitabxanada ailə münasibətlərinin möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, uşaq şəxsiyyətinin formalaşmasında valideyn rolunun maarifləndirilməsi və  təbliği məqsədilə “Ailə kiçik dövlətdir!” adlı virtual sərgi istifadəçilərə təqdim olunub. 

Virtual sərgidə Ailə məcəlləsi, Ailə hüququ, Azərbaycan ailəsi,  Sağlam ailə modeli,  Ailə dəyərlərinin qorunması və dövlət siyasətində prioritet istiqamət, Ailə mühiti və valideyn-övlad münasibətləri, Ailə daxili münaqişələrin yaranma səbəbləri və həlli yolları, Ailə institutunun formalaşmasında adət-ənənələrin rolu və s. mövzularda, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Aile/index.htm   linkindən istifadə edə bilərlər.

Sosial həyat