Goranboy Rayon İcra Hakimiyyətində tanınmış idmançı Həsrət Cəfərovla görüş keçirilib. RİH başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin sərəncamına əsasən, XXXIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanındakı xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması münasibətilə onu təbrik edib.
Məlumat üçün bildirək ki, Həsrət Valeh oğlu Cəfərov 5 oktyabr 2002-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Altı yaşından güləşlə məşğul olmağa başlayan Həsrət əvvəlcə doğma Qaradağlı qəsəbəsində məşq edib, 2015-ci ildən isə məşqlərini Respublika Olimpiya idman liseyində davam etdirib. 2020–2024-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.
Həsrət Cəfərov yeniyetmələr arasında Azərbaycan Güləş Federasiyasının Kubokunun və 17 yaşlı güləşçilər arasında Avropa çempionatının qalibi olub. Karyerası ərzində mübarizə apardığı 22 beynəlxalq turniri 11 qızıl, 1 gümüş və 7 bürünc medalla başa vurub. Çıxdığı 12 final görüşünün 11-də qalib gəlib. 2024-cü ildə Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında 67 kq çəki dərəcəsində III yeri tutub. Hazırda Azərbaycan yığma komandasının üzvü, Beynəlxalq dərəcəli idman ustasıdır.
Onu da əlavə edək ki, Goranboy rayonu 2026-cı ilin “Gənclər paytaxtı” seçilib.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri