Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin nəzdində “Ana dilini qürur və sevgi ilə öyrən” həftəsonu məktəbində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xüsusi dərs keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib. Ulu Öndərin zəngin irsindən, Azərbaycan dövlətçiliyində oynadığı misilsiz rolundan danışıb. Ümummilli Liderin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Dərs zamanı Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən qısa metrajlı film nümayiş etdirilib.
Həftəsonu məktəbinin müəllimi, fəlsəfə və filologiya elmləri doktoru Sahibə Payıküçük Ulu Öndər Heydər Əliyevin dövlətçilik prinsipləri, mədəniyyətə və təhsilə verdiyi töhfələrdən danışıb, onun zəngin irsinin tədris olunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.
P.ƏMİRCANOV
XQ