Xəstəlik görməsin balalarımız

post-img

Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində III Milli Pediatriya Konqresi keçirilir.

Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov konqresdə sosial mövzulara daha çox yer verilməsinin əhəmiyyətli olduğunu bildirib. O, Azərbaycan Pediatriya Cəmiyyətinin fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov uşaqların sağlamlığının qorunmasının hər bir ölkə üçün prioritet məsələ olduğunu qeyd edib: “Milli pediatriyanın qarşısında müxtəlif çağırışlar var. Ana və uşaq ölümünün azaldılması, uşaqların psixi sağlamlığının qorunması, gələcəkdə uşaqlarda yarana biləcək problemləri vaxtında aşkar etmək bizim qarşıya qoyduğumuz əsas hədəflərdir. Digər problem isə iqlim dəyişikliyinin və ekoloji problemlərin uşaq sağlamlığına təsirləridir. Düşünürəm ki, konqresdə bu məsələlər müzakirə ediləcək”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva təmsil etdiyi qurum tərəfindən pediatriya sahəsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, TƏBİB uşaqlarda xəstəliklərin diaqnozu, müalicəsi, peyvəndlənməsi sahələrində daha aktiv fəaliyyət göstərməyə çalışır. Əsas hədəf uşaqlar üçün sağlam gələcək yaratmaqdır.

Azərbaycan Tibb Universitetinin prorektoru Məlahət Sultanova, Beynəlxalq Pediatriya Assosiasiyasının icraçı direktoru Aman Pulunqan çıxış ediblər.

Qeyd edək ki, konqresdə pediatrik dermatologiya, pediatriyada tez-tez rast gəlinən qidalanma problemləri və ekstrakorporal müalicələrlə bağlı mövzular müzakirə edilib. Konqres çərçivəsində keçirilən kurslarda 300-dək həkim-pediatr iştirak edir. Məclis 3 gün davam edəcək.

Z.BƏŞİRQIZI
XQ

Sosial həyat