“Ulduz”lu görüş

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin ortaq layihəsi çərçivəsində ilk “Ulduz”lu görüş keçirilib.

Görüşü giriş nitqi ilə açan “Ulduz”un baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs təhsil ocaqlarında yaradıcı ünsiyyətləri nəzərdə tutan layihə haqda geniş məlumat verərək, bu ilk görüşə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova qonaqları salamlayaraq, bu kimi görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb, “Ulduz” ədəbiyyat dərgisi ilə təmsil etdiyi ali təhsil ocağının əməkdaşlığı çərçivəsində görülən işləri diqqətə çatdırıb.

Sonra çıxışlar olub. Xalq artisti Eldost Bayram öz növbəsində gələcəyin müəllimlərinə tövsiyə və məsləhətlərini ifadə edib, onlara uğurlar arzulayıb. Eldost Bayramın ifasında Mahirə Hüseynovanın “Gedək uzaqlara” şeiri alqışlarla qarşılanıb.

“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov çıxışında milli-mənəvi dəyərlərə diqqət çəkərək, bu yolda gənclərin məsuliyyətli olmasını tövsiyə edib, mütaliə mədəniyyətinin qorunub-saxlanılmasının əhəmiyyətini vurğulayıb. Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova yaradıcı görüşün ali təhsil ocağının müəllim və tələbə heyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini, bu kimi tədbirlərin davamlı olmasının zəruriliyini bildirib.

Yazıçı Təranə Vahid və şair Taleh Mansur öz çıxışlarında ədəbi gəncliyin tribunasına çevrilmiş “Ulduz” jurnalının tarixi və bu günü ilə bağlı məlumat verərək, yaradıcılıq qabiliyyəti olan gəncləri əməkdaşlığa dəvət ediblər. Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. Onların ifasında Qulu Ağsəsin şeirlərindən nümunələr səsləndirilib. Sonda “Ulduz” jurnalının və “Xalq qəzeti”nin seçilmiş sayları hədiyyə olaraq tələbələrə təqdim edilib.

XQ



Sosial həyat