Ulu Öndərin müstəqil dövlətimizə başçılıq etdiyi dövrdə insan hüquq və azadlıqlarının müdafiə və təmin edilməsi ən çox diqqət yetirilən məsələlərdən biri olub. Müstəqilliyin ilk illərində çoxsaylı qanunvericilik aktlarının qəbul olunması, fərman və sərəncamların imzalanması, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin təsdiqlənməsi, yeni hüquq müdafiə mexanizmlərinin formalaşdırılması ilə bağlı geniş hüquqi islahatlar aparılıb.
Bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda keçirilən konfransda deyib.
Ombudsman çıxışında qeyd edib ki, Azərbaycan insan hüquqları sahəsində mühüm nailiyyətlər əldə edərək bir çox parametrlər üzrə inkişaf edən ölkələr sırasındadır: “Son illərdə insan hüquqları sahəsində əldə olunmuş uğurlar bir daha təsdiq edir ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun olaraq uğurla davam etdirilir və bu, bizi dövlətin ali məqsədini təmin etmək naminə daha əzmlə çalışmağa səsləyir. Ulu Öndər Heydər Əliyevin insan hüquqları sahəsindəki irsi dövlətimizin və xalqımızın gələcəyi üçün əvəzsiz bir sərvətdir. Bu yol təkcə hüquqi təminat deyil, həm də sosial ədalət, şəffaflıq və insanlara qarşı hörmət prinsiplərinə əsaslanır. Bu sahədə qarşıya çıxan vəzifələr hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Gəlin birlikdə fəaliyyətimizi daha da inkişaf etdirək, hüquqi və sosial sahədə yeni uğurlara imza ataq, qarşılıqlı əməkdaşlıqda hər kəsin hüquqlarını qorumağa və hüquqi düşüncəni inkişaf etdirməyə öz töhfəmizi verək”, - deyə S. Əliyeva fikrini yekunlaşdırıb.