Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu

post-img

Dekabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin forumun iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Forumda bu günümüzün və gələcəyimizin ən vacib mövzuları ətrafında müzakirə aparmaq, fikir və təşəbbüslərimizi bölüşmək, daha yaxşı, təhlükəsiz cəmiyyət qurmaq üçün səyləri birləşdirmək qürurvericidir və həm də gözəl imkandır.

O qeyd edib ki, 30 illik həsrətdən sonra keçmiş məcburi köçkün ailələri, onların uşaqları öz yurdlarına qayıdırlar. Aktiv məskunlaşma tədbirləri həyata keçirilir. Eyni zamanda, yeni iqtisadi, sosial layihələr reallaşdırılır və böyük yüksəliş müşahidə olunmaqdadır. Bütün bu işlər bizi daha konkret hədəflər, daha irəliyə aparan məqsədlər uğrunda birləşməyə, sürətlə dəyişən reallıqları nəzərə alan siyasətlər müəyyənləşdirməyə çağırır.

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan xalqının qarşısında duran əsas məqsədlərdən biri də kimliyini qorumaq, mədəniyyətinə sahib çıxmaq və milli dəyərlərimizi yaşatmaqdır. “Düşünürəm ki, bu, hazırda xüsusilə azyaşlı uşaqlarımızın təlim-tərbiyəsi işlərində qarşıda duran ən vacib çağırışlardan biridir”, – deyə nazir bildirib. Qız uşaqlarının təhsilinin əhəmiyyətindən danışan nazir deyib: “Biz unutmamalıyıq ki, qız uşaqlarının, yəni gələcək anaların təhsili daha savadlı, bacarıqlı və güclü millət kimi formalaşmanın əsas amillərindən biridir”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələri və onun ətraf mühitə mənfi təsirləridir. Son illər iqlim dəyişmələrinin təsiri ilə bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Bu da insan sağlamlığına və ətraf canlı aləmə zərərli təsir göstərməklə yanaşı, iqtisadiyyat və bizneslər üçün də ciddi risklər yaratmaqdadır.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah isə bildirib ki, iqlim böhranı həm də uşaqların böhranı deməkdir. Çünki iqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərən amillərdən biridir. İqlim dəyişiklikləri ilə bağlı qlobal səviyyədə xəstəliklərin 88 faizi 5 yaşından aşağı uşaqların payına düşür”.

Açılış mərasimindən sonra forum çərçivəsində panel müzakirələri aparılıb.

Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyəni təmsil edən uşaqlar iştirak ediblər.

XQ



Sosial həyat