COP29 çərçivəsində “Qazaxıstan” pavilyonunda “Karbon neytrallığına gedən yolda Qazaxıstan şəhərlərinə dəstək” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev çıxışında 2060-cı ilə qədər karbon neytrallığına nail olunmasının vacibliyini vurğulayıb və bu prosesdə şəhərlərin əsas rolunu qeyd edib.
Tədbirdə Qazaxıstanın karbon neytrallığına nail olmaqla bağlı iddialı məqsədləri təqdim edilib və onların şəhər səviyyəsində həyata keçirilməsi yolları müzakirə edilib.
Dövlət orqanları, beynəlxalq təşkilatlar və Qazaxıstan şəhərlərinin nümayəndələri də daxil olmaqla iştirakçılar davamlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsi aparıblar.
İstixana qazlarının emissiyalarının azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı milli məqsədlərə nail olunmasında şəhərlərin roluna xüsusi diqqət yetirilib.