Dünən “Şərq qapısı” qəzetinin kollektivi 1 əsrdən artıq müddətdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatının güzgüsünə çevrilən bu mətbu nəşrin 103 yaşını qeyd edib.
Heydər Əliyev Muzeyində “Şərq qapısı” qəzetinin tarixi nömrələri ilə tanışlıq zamanı bildirilib ki, qəzet bütün dövrlərdə muxtar respublikada ictimai-siyasi həyatın, elm, təhsil, maarifçilik, ədəbiyyat sahələrində gedən inkişaf proseslərinin güzgüsünə çevrilib və bu gün də bu yöndə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda Ali Məclisin Sədri kimi verdiyi tarixi fərman və sərəncamlar, qərarlar ilk dəfə “Şərq qapısı”nda işıq üzü görüb. Ümummilli Lider Heydər Əliyev qəzetin fəaliyyətini yüksək qiymətləndirib. Ulu öndər Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı”na verdiyi müsahibədə bildirmişdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Daha sonra qeyd edilib ki, ki, “Şərq qapısı” qəzeti bu gün tarixində ilk dəfə olaraq yaranmasının ildönümünü rəsmi statusla qeyd edir. Belə ki, cari il may ayının 1-də Prezident cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar “Media haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Yaxın gələcəkdə qəzetin maddi-texniki təminatının yaxşılaşdırılması üçün də işlər həyata keçiriləcək. Kollektiv bundan sonra da yaradılan şəraitdən istifadə edərək ölkəmizin, muxtar respublikanın ictimai-siyasi həyatında baş verən ən son yenilikləri geniş oxucu kütləsinə çatdırmaq üçün səylə çalışacaq.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri