Təbiətin yarpaq tökümü...

post-img

Adamlar qalın geyinir – ağaclar soyunanda

Dünyanın üzünü-astarını görmüş ixtiyar qocalar qərib durnaların cənuba sıralanan qatarına baxıb köks ötürürlər: “Ömrümüzdən bir payız da keçdi...”.

Təbiətdə qədəmi sayalı, ətəyi sovqatlı payız taxta çıxıb. Zümrüd donlu meşələrə indi qızılı-sarı don biçilib, parklar, xiyabanlar rəngbərəng şalını başına atıb, meşə yoluna, bulaq üstə üz tuanların sıraları seyrəlib. Bunu təkcə buz kimi suyu diş donduran bulaq, topa-topa buludların ara-sıra “döyəclənən nağarası”, üzü qışa getdikcə əynimizin qalınlaşan geyim-kecimi demir, bunu həm də lalıqlayıb yerə tökülmüş əzgilin, ağacın əlyetməz budağında ilişib qalmış alma-armudun şirinliyi, dadı-ləzzəti deyir. Bəs çılpaq budaqların ucunda görünən yağış damcıları, dağların zirvəsindəki ala-tala qar xonçası, bir həyətdən sökülüb o biri həyətdə qurulan toy mağarları necə?

İlin-günün bu vədəsi təbiət al-əlvan naxışlı xalını xatırladır. Dünyanın hansı rəngini, hansı naxışını desən, həmin xalının üstündə tapa bilərsən. Biri elə yalçın qayaların başında əlçim-əlçim daranan dumanın rəngidir – ağ, biri payız yağışlarından sonra yamaclarda göyərən otların rəngidir – yaşıl, biri saplağından qopub üzülən, yellənə-yellənə vida nəğməsi oxuyan yarpağın rəngidir – sarı, biri də toyu təzəcə çalınmış gəlinin xına yaxılmış əllərinin rəngidir –qırmızı...

Ağaclardan qopub yellənə-yellənə yerə düşən yarpaqlar payızdan bahara ünvanlanan məktubları xatırladır. Dağın zivəsində çəhlimə bənzəyən qar cığırları görünür. Yaz-yay aylarında qaynarlığı, gurluğu ilə diqqəti özünə çəkən çöl-çəmən, ormanlar get-gedə rəngini itirərək toydan sonrakı mağar yeri kimi görünür.

Meşənin səssizliyində xəzəllə örtülən cığırların sakitliyi düşüncələri gələcəkdən çox, keçmişə aparır. Nəqməli quşlar da sakit-sakit ağacların arasında dolaşır. Yay uzunu çağlayan bulaqların üstündən əl-ayaq çəkilir, bağlara, bağçalara həzin bir süstlük çökür. Təbiətə lal bir sükut hakim kəsilir...

Süleyman QARADAĞLI

Sosial həyat