COP29-la əlaqədar Bakı metrosunda qərargah fəaliyyət göstərəcək

post-img

Bakıda keçirilən bütün irimiqyaslı tədbirlərdə olduğu kimi, COP29 zamanı da "Bakı Metropoliteni" QSC-də qərargah fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.

H.Məmmədov qeyd edib ki, Bakı metrosu paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, COP29-un xüsusiyyətləri nəzərə alınmaqla, hazırlıqları başa çatdırıb.

“Qərargahın fəaliyyətində əlaqələndirmə, situasiya mərkəzlərinin işi və işçi qrupların fəaliyyəti tənzimlənəcək. Burada təşkilati, kommunikasiya və bir sıra digər məsələlərlə bağlı məsul şəxslər müəyyən edilməklə tənzimləmə mexanizmləri qurulub. Əməliyyat planına uyğun olaraq, Bakı metrosunda COP29 dövründə adi iş günlərində olan məsul növbətçilik qaydaları qüvvədə saxlanılmaqla əlavə tədbirlər müəyyən edilib. Əsas nəzarət sahələri və zonaları, digər qurumlarla əlaqələndirmə və aidiyyəti qurumların fəaliyyətinin təmin edilməsi, birgə fəaliyyətin qurulması qaydaları və məsul şəxslər qeyd olunub. Burada həm metropoliten, həm də stansiya üzrə mərkəzləşdirilmiş fəaliyyətin təmin edilməsi məqsədilə Daxili İşlər və Fövqəladə Hallar Nazirlikləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər qurumlarla sıx əlaqəli işlər aparılaraq müvafiq şərait yaradılıb”, - deyə o bildirib.

H.Məmmədov əlavə edib ki, “Bakı Metropoliteni” QSC üzrə stansiyaların rəhbər və işçi heyətinin iş rejimi müəyyən edilib. Bununla yanaşı, müxtəlif struktur və sahələrin rəhbərlərinin daxil olduğu əlavə nəzarət cədvəlləri təyin olunub. Onun sözlərinə görə, ümumilikdə, bütün işçi qrupların fəaliyyətinin “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasından idarə edilməsi istiqamətində təşkilati və texniki təchizat işləri yekunlaşdırılıb: “Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyyat hərəkətinin idarə olunmasının optimallaşdırılması, şəhər nəqliyyatının təhlükəsiz və nizamlı təşkili, eləcə də hərəkət iştirakçılarının rahatlığının təmin edilməsi məqsədilə noyabrın 3-də saat 10:00-15:00 arası bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri və son dayanacaq məntəqələri dəyişdiriləcək”.

Sosial həyat