Fövqəladə Hallar Nazirliyi metronun “Koroğlu” stansiyasında təlim keçirilib

post-img

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Koroğlu” stansiyasında taktiki-xüsusi təlim keçirilib. Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş Əməliyyat İdarəsi tərəfindən həyata keçirilib.

Məlumatı nazirliyin mətbuat xidməti verib. 

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Koroğlu” stansiyasının A-9 yarımstansiyasının soyutma aqreqat otağında kondisionerin kompressorunda qısaqapanma nəticəsində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib. 

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub. Təlimə FHN-in ümumilikdə 10 ədəd texnikası, 2 baş it və 66 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

P.ƏMİRCANOV
XQ





Sosial həyat