Rumıniya mediası Bakıda keçiriləcək COP29-dan yazır

post-img

Rumıniyanın qabaqcıl mətbuat orqanları, o cümlədən “Aktual” xəbər portalı Azərbaycanda keçiriləcək COP29 sammiti barədə məqalələr dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə dünyanın liderlərinin gələn həftə Azərbaycanda COP29 sammitində bir araya gələcəkləri bildirilir. Qeyd edilir ki, bu sammit iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşməsinə həsr olunub.

Diqqətə çatdırılır ki, BMT-nin iqlim dəyişikliyi üzrə illik konfransının bu il noyabrın 11-22-də keçiriləcək və inkişaf etməkdə olan ölkələrə kömək məqsədilə yeni maliyyə hədəfləri ilə bağlı müzakirələr aparılacaq. Bu yeni hədəf 2009-cu ildən bəri mövcud olan illik 100 milyard avro məqsədini əvəz edəcək. Ancaq bu müzakirələr Yaxın Şərq və Ukrayna münaqişələri, Qərb ilə Çin arasındakı ticarət böhranları, həmçinin inkişaf etmiş bir çox ölkələrdə sərt maliyyə siyasətinin yürüdüldüyü kontekstində baş verəcək.

Qeyd olunub ki, Paris Sazişi 2015-ci ildən bəri qlobal istiləşməni 2°C-dən aşağı saxlamağı hədəfləyir, lakin 1,3°C artım ilə dünya artıq bu il ən isti ilini yaşayır. BMT-nin Ətraf Mühit Proqramı indiki vədlərin 2100-cü ilə qədər 2,6°C-ə qədər istiləşməyə səbəb olacağını hesablayıb.

Diqqətə çatdırılıb ki, Bakıdakı qərarlar iqlim dəyişikliyinin qarşısını almaq üçün kritik əhəmiyyət kəsb edəcək və hər il 1 trilyon dollar maliyyə hədəfi müzakirə olunacaq.

Sosial həyat