Sərhədlərimizin keşiyində duranlar

post-img

Sərhəd Nəzarəti Komandanlığına mediatur 

Noyabr ayının 1-də media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Nəzarəti Komandanlığına mediatur keçirildi.

Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev tədbirə qatılan qonaqlara əvvəlcə DSX Sərhəd Nəzarəti Komandanlığının tarixi, xidməti fəaliyyəti bağlı geniş məlumat verdi.  

Qeyd edildi ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra sərhəd mühafizəsinin yenidən təşkili, təhlükəsizliyinin təmin edilməsi müasir tariximizin yaradıcısı və memarı Ulu öndərin fəaliyyətinin təzahürüdür. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tələblərə cavab verən yeni buraxılış məntəqələrinin tikintisi ümummilli liderin layiqli davamçısı, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.

Sərhəd Nəzarəti Komandanlığının əsas vəzifələri dövlət sərhədindən buraxılış məntəqələrindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət sərhədindən buraxılışı, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, həmçinin narkotik vasitələrin, kütləvi qırğın silahlarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınmasından ibarətdir.

General-leytenant vurğuladı ki, dövlət sərhədindən buraxılış məntəqələrinin şöbə və bölmələrinin xidməti fəaliyyəti müasir tələblərə cavab verən ümumi sahəsi 1000 kvadrat metrdən ibarət olan 5 mərtəbəli inzibati binada yerləşən Sərhəd Nəzarəti Komandanlığı tərəfindən idarə edilir. Bildirildi ki, Dövlət sərhədlərində mövcud olan 40 dövlət sərhədindən buraxılış məntəqəsinə 16 avtomobil və piyada yolu, 10 dəniz limanı, 9 beynəlxalq hava limanı, 5 dəmir yolu daxildir.

Sərhəd Nəzarətinin komandanlığında yaradılmış 16-58 nömrəli qaynar xəttə      100 mindən artıq vətəndaş müraciəti daxil olub və müvafiq qaydada cavablandırılıb. 

Məlumatda o da vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunması uğrunda gedən döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən 152 hərbi qulluqçu iştirak edib. Bu döyüşlərdə Sərhəd Nəzarətinin 2 hərbi qulluqçusu şəhid olub, 7-si yaralanıb. 

Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin aprel ayının 23-də həyata keçirilən tədbirlər nəticəsində Laçın-Xankəndi yolunun başlanğıcında Sərhəd Nəzarəti xidmətinin fəaliyyətə başladığını bildirən DSX rəsmisi Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarında sərhəd infrastrukturunun istismara verildiyini dedi. O da qeyd edildi ki, hazırda “Laçın” beynəlxalq hava limanının və “Ağbənd” dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi davam etdirilir, “Xudafərin” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması isə nəzərdə tutulub. 

Sərhəd Nəzarətinin komandanlığı fəaliyyətə başladığı  2017-ci ildən görülən işlər barədə statistika da maraq doğurdu. Belə ki, bu müddət ərzində axtarışda olan 26 min 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilib. Ümumilikdə, 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib. 

 Qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlərə bağlı da məlumat verildi.  Bildirildi ki, 3 min 599 halda narkotik vasitəsi aşkar edilərək götürülüb. Qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib. 

Sonra Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının tarixinə, inkişafına həsr olunmuş videoçarx nümayiş etdirildi. 

Daha sonra media nümayəndələri Sərhəd Nəzarətinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olan binasında fəaliyyət göstərən Qaynar Xətt Mərkəzi, Sərhəd Nəzarətinin nəzdində kurslara cəlb olunmuş heyət üçün tədris sinifləri, xidməti və istirahət otaqları, konfrans, idman zalı, yeməkxana, həmçinin sənədlərdə saxtakarlığın aşkar edilməsi üçün səyyar təlim qurğusu, Sərhəd Nəzarətinin videomüşahidə, səyyar radiasiya aşkar etmə avadanlığı ilə tanış oldular. 

Müxtəlif idman qurğuları, o cümlədən trenajorlar, güləş döşəyi ilə təmin olunan idman zalı ilə bağlı məlumat verən baş gizir Günel Kərimova əməkdaşların idman zalında fiziki hazırlıqlarını daha da təkmilləşdirdiklərini dedi. Şotokan karate üzrə ölkə çempionu, 2-ci dərəcəli hakim onu da bildirdi ki, həmkarları arasında müxtəlif yerli və beynəlxalq idman yarışlarda iştirak edərək medallar qazanan idmançılar var. 

Mediatur çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrində “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi” (İAMAS), stasionar və səyyar radiasiya aşkarlanma avadanlıqları barədə dolğun məlumat verildi. Bildirildi ki, BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyası – “COP 29” beynəlxalq konfransına hazırlıqla əlaqədar  gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidini təmin edilməsi üçün xüsusi texniki təchizatla nəzarət avadanlıqları quraşdırılıb.  

DSX Sərhəd Nəzarətinin zabiti, mayor Nicat Cahidzadə COP29-a görə Heydər Əliyev Beynəlxalq Hava Limanındakı əməkdaşların sayının artırıldığını bildirdi. O, tədbirə gələn qonaqların COP29 Əməliyyat Şirkəti tərəfindən qarşılanacağını, xüsusi keçid zolaqları ilə sərhəd nəzarəti kabinələrinə yönləndiriləcəyini də sözlərinə əlavə etdi. 

Tədbir iştirakçıları DSX-nın nəzdində fəaliyyət göstərən Kinoloji Mərkəzdə yetişdirilən xüsusi təlim keçmiş xidməti itlərlə bağlı da məlumatlandırıldılar. Komandanlığın kapitanı Hüseyn Qənbərli bildirdi ki, narkotik vasitələri, partlayıcı maddələr və izlərin axtarışı üçün daha çox xüsusi təlim keçmiş alman çoban iti, Belçika malinois cinsli itlərdən istifadə olunur. Onun sözlərinə görə, bu itlərin daha yüksək axtarış qabiliyyəti var. 

Sərhəd Nəzarətinin fəaliyyətini izləyən media mənsubları sonda xoş təəssüratlarını bölüşdülər. 

Leyla QURBANOVA

Cavid QAÇAYEV (foto)

XQ

 

 

 

 

 



























Sosial həyat