Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş konfranslar çərçivəsində oktyabrın 25–26-da Şəkidə keçirilən II Beynəlxalq Simpozium başa çatıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən “XQ”-yə verilən məlumatda bildirilir ki, simpoziumun məqsədi oftalmologiya sahəsindəki son yenilikləri və nailiyyətləri müzakirə etmək, beynəlxalq təcrübələri öyrənmək, təkliflər irəli sürmək və regionun, eləcə də xarici ölkələrin oftalmoloqlarının bu yeniliklərdə iştirakını təmin etmək idi. Həmçinin, oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılması simpoziumun əsas mövzuları arasında oldu.
Simpozium iki ölkə arasında oftalmologiya sahəsində möhkəm əməkdaşlığın nümunəsi kimi tibbi sahədə qarşılıqlı dəstəyi bir daha gücləndirdi.
Toplantıda Azərbaycanın tanınmış alimləri, Bakı və regionlardan gələn həkim heyəti, və Türkiyə ilə yanaşı, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistandan gələn oftalmoloqlar da iştirak edərək öz məruzələrini təqdim etdilər.
Tədbiri Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin fəxri sədri Sunay Duman, TCOD-un rəhbəri professor Öner Gelişken, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Hicran Namazova və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyevanın nitqləri ilə açıldı. Simpoziumda həmçinin mərkəzin direktor müavini Ceyhun Nəzərli iştirak edirdi. Açılış nitqlərində Sunay Duman və Öner Gelişken tədbirin məqsədi və əhəmiyyəti barədə söz açıblar. Onlar Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) ilə Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi (TCOD) arasında olan əlaqələrin oftalmologiya sahəsində tibb elminin inkişafına və təcrübə mübadiləsinə böyük töhfə verdiyini vurğulayıblar. Bu əlaqələrin iki qardaş xalq arasında dostluq və əməkdaşlığı gücləndirdiyini qeyd etdilər. Simpoziumun qarşılıqlı əlaqələrin inkişafında uğurlu mərhələ olduğu ifadə edilib.
Tibb elmləri doktoru Hicran Namazova çıxış edərək qonaqları salamladı. O, konfransın işinə uğurlar arzulayaraq qeyd edib ki, belə beynəlxalq simpoziumlar Azərbaycan oftalmologiyasının inkişafına və ölkələrarası elmi əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verir.
AOC-un sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyeva isə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyəti, ölkədə oftalmoloji yardımın keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Görmə qabiliyyəti məhdud olan şəxslərin sayının azaldılması və korluğun qarşısının alınması üçün mühüm addımlar atıldığını qeyd edən Y. Abdıyeva, xüsusilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının fəaliyyəti haqqında geniş məlumat verib. Səyyar klinikanın işğaldan azad olunmuş Laçın, Zəngilan və Füzuli kimi bölgələrdə keçirdiyi aksiyaların uğurla həyata keçirildiyini, bu təşəbbüslərin davamlı olacağını və yaxın gələcəkdə Xankəndi və Şuşada da keçiriləcəyini bildirib.
Yazgül Abdıyeva çıxışının sonunda, AOC-un sədri, professor Elmar Qasımovun akademik Zərifə Əliyevanın zəngin irsinə sadiq qalaraq, mərkəzin inkişafına və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin uğurlarına verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb. Onun təşəbbüsü ilə bir çox yerli və beynəlxalq konfransların, təlimlərin və kursların təşkil edildiyini, habelə səyyar klinika vasitəsilə mütəmadi olaraq keçirilən tibbi aksiyalarla Azərbaycanın bölgələrində əhaliyə oftalmoloji xidmətlərin çatdırılmasını qeyd edib. Diqqətə çatdırıb ki, bu fəaliyyətlər akademikin irsinin yaşadılması və Azərbaycan tibb sahəsində onun dəyərli töhfələrinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbirin moderatorları sırasında professorlar Z.Y. Akkaya, L.V. Karabaş, F.A. Mutlu, G. Yılmaz, Ş. Karslıoğlu, O.M. Selina, tibb üzrə fəlsəfə doktorları C.V. Həsənov, X.D. Əliyev, Ş.A. Əsədova, N A. Həsənova, L.Ə. Axundova, R.N. Balayeva, A.T. Əkbərova, tibb elmləri doktorları M.İ. Kərimov, N.Ə. Bağırov, T.P. Qəlbinur, həkimlər A.U. Tashmukhamedov, G.K. Mukhatayeva, G. Demirok, S.Ə. İbadov, E.H. Əlihüseynli, B. Çakır və B. Gökğit,N.N. Zaynutdinov yer alıblar.
Simpoziumda “Qlaukoma zamanı minimal invaziv əməliyyatlar”, “Sadədən mürəkkəbə keratoplastikalar”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının 5 illik fəaliyyətinin təhlili”, “Üzdəki epilyasiyadan sonra lazerin səbəb olduğu ağır makula atrofiyası”, “Buynuz qişa perforasiyasının idarə edilməsi” və “Uşaqlarda travmatik kataraktanın cərrahi müalicəsi” kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Zərifə HÜSEYNOVA
XQ