Oktyabrın 11-də muxtar respublikanın elektrik enerjisinə tələbatı tam alternativ enerji hesabına ödənilib

post-img

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti alternativ enerji mənbələrindən istifadə etməklə karbon emissiyasının atmosferə atılmasının qarşısını tam alaraq sıfıra endirilməsini hədəfləyir.

Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 11-də muxtar respublikanın 947 min 508 kilovat-saat elektrik enerjisinə tələbatı tam yaşıl enerji hesabına ödənilib, digər günlərlə müqayisədə təqribən 130000 kubmetr həcmində təbii qaza qənaət edilib, həmin gün karbon emissiyası sıfıra düşüb. COP29 çərçivəsində bu addımın atılması muxtar respublikada alternativ enerji mənbələrindən daha səmərəli istifadə edilməsinə səbəb olacaq.

"Qlobal istiləşmənin yaratdığı iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə ətraf mühiti təmiz saxlamaq, gələcək nəsillərə daha təmiz və yaşana bilən dünya miras buraxmaq üçün ətraf mühitə daha həssas yanaşmalı, elektrik enerjisindən nəzarətsiz istifadənin qarşısını almalı, qənaətlə istifadə etməli, israfçılıq etməməliyik", - deyə Energetika Xidmətinin mətbuat xidməti əlavə edib.

Sosial həyat