Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu artıq yekunlaşmaq üzrədir. Mövsümün əvvəlindən bu günədək məntəqəyə istehsalçılardan 2049,5 ton yaş tütün daxil olub. Xarici ölkə şirkətləri ilə bağlanmış müqaviləyə əsasən, indiyədək müəssisədən İtaliyaya 20 ton, Qazaxıstana isə 40 ton quru tütün göndərilib və ixrac davam etdiriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Bildirilib ki, şirkət tərəfindən bu il Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında, ümumilikdə, 356,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə əlaqədar həmin rayonlarda 38 fermerlə müqavilə bağlanılıb.
Yaş tütünün hər kiloqramına görə fermerlərə I növ üzrə 35 qəpik, II növ üzrə isə 25 qəpik ödənilir.