Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 10-da Prezidentin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 26-cı müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib və imtahanın nəticələri Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin test imtahanında müvəffəqiyyət qazanmış 163 namizəd oktyabrın 20-dək Baş Prokurorluğun internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub aşağıda qeyd olunan sənədləri “PDF” faylı formasında skan edilmiş vəziyyətdə həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməlidirlər:
- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);
- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086-poliklinikanın möhürü ilə təsdiq olunmuş fotoşəkilli), ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;
- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;
- hərbi biletin qeydlər aparılmış səhifələrinin surəti;
Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.