Heydər Əliyev Beynəlxalq Aeroportunda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə yanğın təhlükəsizliyinin artırılması məqsədilə xüsusi təlim keçirilib.
Bakı aeroportundan bildirilib ki, təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin artırılması ilə yanaşı, fövqəladə hallarda çevik və operativ reaksiya verilməsini təmin edir. Eyni zamanda, hava limanı ilə dövlət qurumları arasında xilasetmə əməliyyatlarında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinə xidmət edir.
Ssenariyə əsasən, Bakı hava limanının sərnişin terminalları və parklanma ərazisində yanğın hadisəsi barədə şərti məlumat daxil olub. Bununla əlaqədar, dərhal əməliyyat simulyasiyası həyata keçirilib, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb. Təlimə AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi avadanlıqlarla təchiz edilmiş yanğınsöndürmə və xilasetmə qrupları, tibbi personalı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti cəlb olunub.
Bundan əlavə, təlimlərdə aviasiya qəzası zamanı fövqəladə vəziyyətin aradan qaldırılması, yanğının söndürülməsi və hava gəmisindən sərnişinlərin təhlükəsiz şəkildə təxliyə olunması üzrə xüsusi əməliyyatlar da həyata keçirilib. Simulyasiyalar əsnasında bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlər tam şəkildə icra olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin təhlükəsizliyini daim prioritet tutur və bu kimi təlimlərin mütəmadi keçirilməsinə xüsusi diqqət yetirir. Bu tədbirlər, hava limanının fövqəladə hallara hazır olmasını təmin edərək təhlükəsizliyin yüksək səviyyədə saxlanmasına töhfə verir.