Özbəkistanda səfərdə olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Daşkənddəki Yunus Rəcəbi adına Muğam İnstitutunun prorektoru Davlat Ximbətovla görüşüb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə Baş tutan görüşdə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova da iştirak edib.
Davlat Ximbətov qonaqları salamlayaraq yeni yaradılan Muğam İnstitutu haqqında məlumat verib, bu ali muğam məktəbində müəllim və tələbələrə yaradılan şərait haqqında söhbət açıb. Prorektor ölkələrimiz arasında bütün sahələrdə olan münasibətlərdən danışıb, qeyd edib ki, ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana, bu ilin yayında isə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərləri əlaqələrimizin daha da dərinləşməsinə təkan verib.
Mahirə Hüseynova qeyd edib ki, Cizzak Universitetinin 50 illiyi ilə bağlı konfransa qatılmaq üçün Özbəkistana gəlib. Tədbirdən sonra Daşkənddəki bir neçə universitetdə görüşlər keçirib.O deyib:” Hər yerdə hörmətlə, mehribanlıqla qarşılanmışam, özbək xalqı çox istiqanlıdır, həm də biz qardaş xalqlarıq, dilimiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz oxşardır. Folklorumuz, ədəbiyyatımız da çox yaxındır. Hələ qədim zamanlardan alimlərimiz, şairlərimiz dostluq edib, bu dostluq və qardaşlıq bu günkü günümizə qədər gəlib çıxıb.”
M.Hüseynova bildirib ki, 2023-cü ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfəri çərçivəsində Qarabağa da gedib və Azərbaycan Prezidenti ilə birgə Füzulidə Özbəkistanın vəsaiti ilə tikilən Mirzə Uluqbəy adına tam orta məktəbin açılışında iştirak edib. Bu da ölkələrimiz və xalqlarımız arasında dostluğun və qardaşlığın əyani sübutudur.
Sonra Mahirə Hüseynova Daşkənd Dövlət Şərqşünaslıq Universitetinə gedib, AMM-nin təşəbbüsü ilə burada yaradılan “Azərbaycanşünaslıq Mərkəzi” ilə tanış olub, mərkəzə öz kitablarını hədiyyə edib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd