Sülhün Azərbaycan ünvanı: Cənubi Qafqaz və barış naminə əzm

post-img

Siyasi varisliyin Zəfəri, məhv olmuş 200 illik plan və regionda növbəti durum

“Bu gün ulu öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”. Bu fikirləri Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirib.

Bəli, ümummilli lider Heydər Əliyevin xalqa həsr olunmuş mənalı ömründə Qarabağ davası həmişə ön planda dayanmışdı. Bu dahi şəxsiyyət respublikamıza rəhbərlik etdiyi ilk dönəmdə də erməni millətçilərinin Qarabağ avantürasının gerçəkləşməsinə imkan verməmiş, bölgənin Azərbaycana məxsusluğunu vurğulayan çoxşaxəli fəaliyyət gerçəkləşdirmiş, müstəqil Azərbaycanın Prezidenti kimi isə müxtəlif beynəlxalq platformalarda Qarabağ həqiqətlərini təbliğ etmiş, işğal amilini dünya ictimaiyyətinin diqqətinə çatdırmış, habelə, ölkəmizin ictimai rəyinə təcavüzlə barışmamaq mesajları vermiş, ən əsası isə haqqın Zəfər çalacağına dərin inam hissi formalaşdırmışdı.

Yeri gəlmişkən, erməni millətçilərinin Qarabağ avantürası Azərbaycanın Heydər Əliyevsizlik dövründə başlamış, separatizmin tərəfdarları bu dahi şəxsiyyətin SSRİ-nin hakimiyyət olimpindən uzaqlaşdırılmasından dərhal sonra özlərinin məkrli siyasətlərinin icrasına start vermişdilər. Bu siyasət nəticəsində isə yekunda torpaqlarımız işğala məruz qalmış, 1 milyona yaxın vətəndaşımız məcburi köçkün düşmüşdür...

“Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”. Ulu öndər Heydər Əliyev bütün fikirləri kimi, bu fikri də böyük dahilik və uzaqgörənliklə səsləndirmişdi. Tam əminliklə deyə bilərik ki, ölkəmizə və xalqımıza Qarabağ Zəfərini Heydər Əliyev kursu, Prezident İlham Əliyevin bu siyasəti yüksək dəqiqlik və böyük səriştə ilə davam etdirməsi və zənginləşdirməsi qazandırdı.

Zəfərimiz Heydər Əliyev şəxsiyyətinin siyasi səhnədəki məğlubedilməzliyinin ən parlaq nümunəsinə çevrildi. Həm də ona görə ki, məhz Qarabağ Zəfəri 200 illik erməni planının pozulması reallığını doğurdu. O plan ki, eyni zamanda, Azərbaycanın müstəqil dövlət kimi əbədiliyini əngəlləmək, ölkəmizi yenidən əsarət burulğanına qaytarmaq, neoimperializmi fərqli şəkildə reallaşdırmaq məqsədi daşıyırdı. Nəzərə alaq ki, neoimperializmin qulları Ermənistanı kölə halında saxladılar və ölkə, eləcə də bütövlükdə erməni cəmiyyəti hələ də keçmişin qalıqlarından qurtula bilmir. Orada keçmişin tör-töküntüləri yenə ağızlarını köpükləndirib səfeh, ucuz populizm dolu bəyanatlar səsləndirməkdədirlər.

“Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. …Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq”.

Bu fikirləri Prezident İlham Əliyev 2020-ci il noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bildirmişdi. Dövlətimizin başçısı həmin il noyabrın 24-də Ağdam məscidinin qarşısında çıxışı zamanı isə belə demişdi: “Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. …Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını belə soxa bilmədilər”.

Hazırda parlament seçkilərinə hazırlıq dövrünü yaşayan Ermənistanda ölkənin üçüncü prezidenti Serj Sarkisyanın səsi bir o qədər çıxmasa da, ikinci prezident, Xocalı qatili Robert Koçaryanın ortaya düşdüyünü görürük. Eləcə də onlar kimi, Rusiyanın bəzi dairələrinin buyruq qulları diqqətimizdən yayınmır.

Bəli, Ermənistandakı siyasi kölələr sərsəm bəyanatları sıralayıb erməni xalqında Azərbaycana qarşı nifrət körükləmək, əslində isə haqqında söz açdığımız 200 illik məkrli planı yenidən işə salmağa səy göstərirlər. Axı bu manqurtlar Şimaldan direktivlər alıblar. Şübhəsiz, içərilərində bilavasitə Qərbin dirijor çubuğu ilə hərəkətə gətirilənlər də var.

Ermənistandakı revanşist və şovinist kəsim məhz tarixin zibilliyindəki planı dirçəltmək üçün aciz cəhdlər göstərir. Prezident İlham Əliyev mayın 10-da Zəngilan sakinləri ilə görüşündə belələrinə də mesaj ünvanladı. Əslində, dövlətimizin başçısının mesajı erməni xalqına sülhə qarşı çıxan kal təfəkkür sahiblərinin yenidən siyasi səhnəyə qayıtmalarına imkan verməməklə bağlı çağırış mahiyyəti daşıdı: “Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.

Tam əminliklə onu da demək olar ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kursa sadiq, Prezident İlham Əliyevin qlobal idarəçilik fəlsəfəsinin təntənəsinə çevrilmiş bu günün Azərbaycanı tarixi ədalətin sülh trayektoriyasını müəyyənləşdirən dünyanın hesablaşdığı regional aktordur. Bu aktorluq missiyası, eyni zamanda, barış üçün müstəsna təminatdır. Bu təminat isə özündə, təzahür formalarından asılı olmayaraq, bütün anti-sülh meyillərini sıradan çıxarmaq immunitetini yaşadır.

Yəni Azərbaycanın gücü və qətiyyəti sayəsində siyasi səhnədən silinmişlər yenidən o səhnəyə qayıtmamalı, 200 illik hay planını işlək hala gətirmək üçün fürsət tapmamalı, regionun rifah və inkişafına maneçilik törətməklə varlıqlarını sürdürməməlidirlər. Xaricdə kimlərinsə Ermənistandan “sülh qaranquşu” düzəltmələrinə də ehtiyac yoxdur. Çünki regionda sülhün Azərbaycan adlı nəinki böyük, hətta nəhəng ünvanı var. O ünvan ki, barış mühitini ədalət qılıncının gücü və yenilməz ruhu ilə yaradıb.

Sonda onu da deyək ki, bir hadisə və prosesin mütləq mənada vətəndaşlıq hüququ qazanması üçün müəyyən zaman kəsiyinə ehtiyac var. Hesab edirik ki, Heydər Əliyevin qurucusu olduğu Azərbaycanın müstəqillik illərində tutduğu mövqe, Prezident İlham Əliyevin Ulu öndərin kursunu müdrikliklə davam etdirərək apardığı çoxşaxəli siyasət, həmçinin bu siyasət nəticəsində əldə edilmiş müqəddəs Zəfər bütövlükdə Cənubi Qafqaz coğrafiyasının axarını dəyişib. İndi regionun önündə inkişaf mərhələsi açılıb. Nəsillərə miras qalacaq əbədi inkişaf və tərəqqi mərhələsi.

Elə bir mərhələ ki, təkcə Azərbaycanın və Azərbaycan xalqının deyil, bütövlükdə mövcud coğrafiyada yaşayan xalqların hər birinin həyatında tamamilə yeni səhifə deməkdir. Elə bir səhifə ki, onda imperializm təmayüllərinə yer yoxdur. Zaman bu coğrafiyada yaşayan xalqların hər birinin öz talelərini özlərinin müəyyənləşdirməli olduqları zamandır. Zaman həm də parlaq gələcək uğrunda əzm və iradə nümayişi zamanıdır. Cənubi Qafqazda əbədi sülh şansı kimlərinsə imperiya xislətinin girovuna çevrilməməli, əldən verilməməlidir.

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət