Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi tezislər Cənubi Qafqazda formalaşan yeni güc balansına, postmünaqişə mərhələsində dövlət davranışlarına və xarici müdaxilə modellərinə yönəlmiş strateji mesaj idi
Müasir Ermənistan siyasi tarixinin əsas xüsusiyyətlərindən biri təhlükəsizlik və xarici siyasət strategiyasının kənar güclərin himayəsinə əsaslanması olub. Bu tendensiya zaman keçdikcə, Ermənistanın siyasi düşüncə modelinə çevrilmiş struktur davranış formasıdır. SSRİ-nin dağılmasından sonra Ermənistan regional reallıqları nəzərə alaraq təhlükəsizlik sistemini tam şəkildə Rusiyanın hərbi-siyasi çətiri altında qurdu.
Gümrüdə yerləşən Rusiya hərbi bazası, sərhədlərin rus sərhədçiləri tərəfindən qorunması, KTMT çərçivəsində kollektiv müdafiə mexanizmlərinə inteqrasiya və enerji sektorunun Moskvanın nəzarətinə keçməsi Ermənistanın klassik təhlükəsizlik protektoratı modelinə daxil olduğunu göstərirdi. Əslində, Ermənistanın əsas problemi təhlükəsizlik tərəfdaşına malik olması deyil, dövlət idarəçiliyinin həmin xarici dayaqlardan asılı psixologiya üzərində qurulması idi. Prosesin ən təhlükəli nəticələrindən biri siyasi elitanın “təhlükəsizlik məsuliyyətinin ötürülməsi” sindromuna uyğunlaşması oldu. Başqa sözlə, dövlət təhlükəsizliyinin təminatı xarici patronun hərbi-siyasi müdaxilə imkanları ilə əlaqələndirildi. Belə model isə dövlətçilik reflekslərini zəiflədir. 2020-ci il müharibəsi və sonrakı regional transformasiya bu modelin böhranını açıq şəkildə ortaya qoydu.
***
Ukrayna müharibəsindən sonra Moskvanın resurslarının bölünməsi və Cənubi Qafqazda əvvəlki təsir imkanlarının zəifləməsi İrəvanı yeni geosiyasi dayaqlar axtarmağa sövq etdi. Lakin burada diqqətçəkən əsas məqam Ermənistanın təhlükəsizlik fəlsəfəsinin dəyişməməsidir. İrəvan yenə də yeni patronaj münasibətlərinə üstünlük verir. Hazırda Fransanın Ermənistan siyasətində artan rolu məhz bu kontekstdə qiymətləndirilməlidir. Paris son illər özünü Ermənistanın əsas siyasi himayədarı kimi təqdim etməyə çalışır. Fransa tərəfindən Ermənistana silah satışının genişləndirilməsi, Avropa İttifaqı platformalarında Azərbaycan əleyhinə təşəbbüslərin dəstəklənməsi, Makron administrasiyasının açıq şəkildə birtərəfli ritorika nümayişi və Ermənistanı “demokratiyanın müdafiəçisi” kimi təqdim etməsi yeni geosiyasi xəttin konturlarını göstərir. Burada əsas məsələ ondadır ki, Ermənistan yenə də təhlükəsizlik və xarici siyasət arxitekturasını öz daxili imkanları üzərində deyil, xarici siyasi patronaj üzərində qurmağa çalışır. Yəni dəyişən yalnız geosiyasi mərkəzdir; asılılıq modeli isə olduğu kimi qalır. Mövcud yanaşma region üçün də risk yaradır. Çünki xarici güclərin himayəsinə söykənən siyasət adətən kompromis imkanlarını zəiflədir və lokal problemləri böyük geosiyasi rəqabətin elementinə çevirir. Ermənistanın qərarvermə prosesində xarici aktorların təsirinin artması Cənubi Qafqazda möhkəm sülh perspektivini mürəkkəbləşdirir. Xüsusilə Fransa kimi regiondan kənar aktorların açıq tərəfkeş mövqeyi vasitəçilik imkanlarını zəiflədir və siyasi balansı pozur. Parisin region siyasətinə diqqətlə baxdıqda aydın görünür ki, Fransa Cənubi Qafqazı qlobal nüfuzunun saxlanılması üçün yeni təsir məkanı kimi qiymətləndirir.
***
Son onillikdə Fransanın ən ciddi problemlərindən biri ənənəvi təsir coğrafiyalarında mövqelərinin zəifləməsidir. Xüsusilə Afrika qitəsində baş verən proseslər Parisin “postkolonial nüfuz sistemi”nin ciddi böhran yaşadığını göstərdi. Mali, Niger, Burkina Faso kimi ölkələrdən Fransa hərbi kontingentlərinin çıxarılması, anti-Fransa etirazlarının güclənməsi və yerli hakimiyyətlərin Parisə qarşı sərt ritorikaya keçməsi Makron xarici siyasətinin strateji məğlubiyyətlərindən biri kimi qiymətləndirilir. Yerli cəmiyyətlərdə Fransanın terrorla mübarizə adı altında uzunmüddətli geosiyasi nəzarət həyata keçirdiyi barədə fikirlər geniş yayıldı. Belə şəraitdə Fransa yeni geosiyasi fəallıq zonaları axtarmağa başladı və Cənubi Qafqaz bu strategiyada xüsusi yer tutdu. Regionun Avropa ilə Asiya arasında strateji məkanda yerləşməsi, enerji və nəqliyyat marşrutları baxımından əhəmiyyəti, həmçinin Rusiya–Qərb rəqabətinin yeni cəbhələrindən birinə çevrilməsi Paris üçün əlavə imkanlar yaratdı. Fransa burada özünü Avropa təhlükəsizlik arxitekturasının aktiv aktoru kimi təqdim etməyə çalışır. Bu siyasətdə Ermənistan xüsusi funksional rol oynayır. Çünki Ermənistanın təhlükəsizlik baxımından həssas vəziyyətdə olması və xarici dəstəyə ehtiyac duyması onu böyük güclərin təsirinə daha açıq edir. Paris də məhz bu zəiflikdən istifadə edərək İrəvan üzərində siyasi təsir imkanlarını genişləndirməyə çalışır. Fransa–Ermənistan münasibətlərində müşahidə olunan intensiv siyasi təmaslar, hərbi əməkdaşlığın genişlənməsi və Avropa platformalarında koordinasiyalı ritorika bu strategiyanın tərkib hissəsidir. Burada diqqətçəkən məqamlardan biri Fransanın regiona münasibətdə tərəf kimi davranmağa başlamasıdır. Ənənəvi diplomatik praktika vasitəçilik edən dövlətin balanslı mövqe sərgiləməsini tələb edir. Lakin Paris son illər bu balansı qorumaq əvəzinə, daha çox Ermənistanın siyasi tezislərinə yaxın xətt nümayiş etdirir. Məhz bu kontekstdə Azərbaycanın Fransaya qarşı “neokolonial siyasət” ittihamları beynəlxalq siyasi diskursun bir hissəsinə çevrilib.
***
Bakı son illər kolonializm və neokolonializm məsələsini beynəlxalq platformalarda sistemli şəkildə gündəmə gətirən aktorlardan biridir. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti burada mühüm siyasi elementə çevrilib. Qrupun Fransanın dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları, siyasi təmsilçilik problemləri və müstəmləkəçilik irsi ilə bağlı çıxışları Paris üçün əlavə reputasiya təzyiqi yaradır. Əslində, Azərbaycan bu platforma vasitəsilə ilk dəfə Qərbin kolonial keçmişini və davam edən təsir mexanizmlərini qlobal siyasi müzakirə predmetinə çevirməyə çalışır. Fransanın siyasətində əsas paradoks da məhz burada ortaya çıxır. Paris bir tərəfdən beynəlxalq hüquq, insan hüquqları və demokratik dəyərlərdən danışır, digər tərəfdən isə geosiyasi maraqları naminə selektiv yanaşma nümayiş etdirir. Makron administrasiyasının Cənubi Qafqaz siyasətində emosional və birtərəfli ritorikaya üstünlük verməsi bu böhranı daha görünən edir. Çünki regionda sabitliyin əsas şərtlərindən biri balanslı diplomatiya və neytral vasitəçilikdir. Xüsusilə Cənubi Qafqaz məsələsində Parisin nümayiş etdirdiyi aktivlik daxili siyasi dinamika ilə xarici siyasət arasında birbaşa əlaqənin mövcud olduğunu göstərir. Makron hakimiyyətinin ikinci mərhələsi Fransada ciddi sosial və siyasi gərginliklə müşayiət olundu. Pensiya yaşının artırılmasına qarşı kütləvi etirazlar, iqtisadi inflyasiya, enerji qiymətlərinin artması, miqrasiya məsələləri və sosial bərabərsizliklə bağlı narazılıqlar cəmiyyətdə hakimiyyətə qarşı etimadı zəiflətdi. Küçələrdə aylarla davam edən etiraz aksiyaları göstərdi ki, Fransa siyasi sistemi uzun müddətdir dərin struktur böhran yaşayır. Sağ və sol populist qüvvələrin güclənməsi, parlamentdə siyasi parçalanmanın artması və hökumətin qərarvermə imkanlarının məhdudlaşması Makron administrasiyasının daxili siyasi dayanıqlılığını zəiflədir.
Bir çox siyasi təhlillərdə qeyd olunur ki, Makron artıq əvvəlki kimi konsensus yarada bilən lider obrazını qorumaqda çətinlik çəkir. Belə şəraitdə xarici siyasət aktivliyi daxili legitimlik problemini kompensasiya edən vasitəyə çevrilə bilir. Ermənistan məsələsi isə Fransa üçün həm geosiyasi, həm də daxili siyasi baxımdan əlverişli mövzuya çevrilib. Fransada güclü və təşkilatlanmış erməni diasporu mövcuddur və bu amil ölkənin daxili siyasi balansında müəyyən təsir imkanlarına malikdir. Xüsusilə seçkilərdə müxtəlif siyasi qüvvələrin erməni icmasının dəstəyini qazanmağa çalışdığı müşahidə olunur. Makron administrasiyasının Ermənistanla bağlı ritorikasında emosional tonun yüksək olması, müəyyən mənada, daxili siyasi auditoriyaya hesablanmış addım kimi də görünür.
Son olaraq qeyd edək ki, Cənubi Qafqazda yeni siyasi arxitektura formalaşır. Bu mərhələdə Ermənistanın qarşısında əsas seçim dayanır: ya yenidən böyük güclərin geosiyasi alətinə çevrilmək, ya da region dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan normal münasibətlər quraraq real suverenlik modelinə keçmək.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


