Çırpınırdı Qara dəniz…

post-img

əvvəli https://www.xalqqazeti.az/az/sosial-heyat/194214-cirpinirdi-qara-deniz

Yaşılla mavinin qovuşduğu bir məkan

İki “balıqçı”nın söhbəti 

Mayaka gedən yol otelin yaxın­lığından keçirdi...Arabir dayanıb geriyə – yenicə yuxudan oyanan şəhərə, sahil boyu ləpədöyənə atıl­mış iri qaya parçalarına, beton ku­biklərə baxırdım. Yolun kənarında köhnə bir balıqçı gəmisi lövbər sal­mışdı. Mayak tərəfdən oğlanla qız bərkdən danışa-danışa şəhərə tərəf gəlirdilər. Mənə elə gəldi ki, onlar gecəni buralarda keçirmişdilər. 

Mayaka yaxın bir yaşlı kişi qarmağı suya sallayıb oturmuşdu. Yaxınlaşıb salam verdim. O, salamı­mı alıb ayağa qalxdı. Soruşdum ki, balıq var? 

– Yağmurlu günlərdə balıq az olur, – dedi. 

Sonra yanaşı oturub gözlədik...Arada dedi ki, buralarda eşqaya adlı balıq var, ancaq axşamlar gəzişir, gündüzlər yatır. Həmin balığın bey­nində daş olur. Əti böyrəyə, qara­ciyərə dərmandır. Ümumiyyətlə, hər balığın öz tutulma saatları var...

Qarmaqlardan birinə bir hamsi düşdü. Nihad bəy balığı yarıya qədər su olan qaba atanda gördüm ki, orada yeddi-səkkiz balıq var. Onunla yaşıd olardıq. Bakıdan gəldiyimi biləndə dedi ki, yəqin burada uşağınız oxu­yur. Sonra da əlavə etdi ki, azərilər Giresuna daha çox universitetdə oxuyan övladlarına görə gəlirlər.

Nihad bəy əslən giresunludur. Bu şəhərdə evi də var. Ancaq neçə illər­dir ki, İstanbulda yaşayır. Deyir ki, cavanlığımda bir neçə il balıqçılıqla məşğul oldum. Bir şey artıra bilmə­dim. Getdim İstanbula. Avtomobil zavodunda işə düzəldim. Təqaüd yaşına çatanda xanımım dünyasını dəyişdi. İndi tək qalmışam. Günümü müxtəlif şəhərlərə səyahətlə, balıq ovu ilə və sairlə keçirirəm. Övladı­mız olmadığı üçün arabir oyuncaq və başqa hədiyyələr alıb uşaq evinə gedirəm... 

Xudahafizləşəndə Nihad bəy məni evinə dəvət elədi. Ancaq o gün Giresun Universitetində qardaşım oğlu Muradın buraxılış tədbiri ola­cağı üçün Nihad bəyə təşəkkür edib, oradan ayrıldım.

Otelə qayıdanda Muradla tələ­bə yoldaşı Bəxtiyar 1-ci mərtəbədə məni gözləyirdilər. Qəhvəaltı zama­nı zarafatla dedilər ki, əmi, kirayə qaldığımız evdən qayıqla çıxmışıq. Sən demə, dünən səhər düşən ley­sanın seli onların kirayə qaldıqları mənzilə dolub. Yuxulu olduqların­dan otaqdan güclə çıxıblar və hər şey su altında qalıb. Amma məni qarşı­lamağa gələndə bu barədə heç nə deməmişdilər... 

“İynə atsaydın yerə düşməzdi”

Hər yan rəngbərəng plakatlarla, Giresun Universitetinin emblemi, görkəmli şəxsiyyətlərin elm və təhsil haqqında deyimləri ilə bəzədilmişdi. Buraya 7-dən 77-dək hər cür insan toplaşmışdı. Hamını bir istəyin do­ğurduğu sevinc birləşdirirdi. Biri öv­ladının, digəri nəvəsinin, bir başqası qardaşının sevincinə ortaq olmaq üçün buraya gəlmişdi. Oturacaqlarda əyləşənlərin çoxu bir-birini tanımasa da qısa müddətdə isinişmişdilər və hamısı günün qəhrəmanlarından da­nışırdı. 

Çox əlamətdar gün idi. 2006-cı ildə Türkiyənin ali təhsil sisteminə qoşulmuş və hazırda 16 ölkədən 30 mindən çox tələbənin təhsil aldığı Giresun Universiteti yeni məzunla­rını yola salmağa hazırlaşırdı. Man­tiya geyinmiş bu oğlan və qızlar ali təhsilli mütəxəssislər kimi həyata vəsiqə alırdılar. Bu tədbir həm də Giresun şəhərinin həyatında mühüm hadisə sayıla bilərdi. Çünki bu mə­zunlar, müəyyən mənada, Giresunun vətəndaşları idilər və bundan sonra istər Türkiyədə, istərsə də yaxın-uzaq ölkələrdə çalışsalar da, ürək­lərində Giresun adını yaşadacaq, bu gün içəcəkləri anda sadiq olduqlarını nümayiş etdirməyə çalışacaqdılar...

Sonra başa çatmaqda olan tədris ilində elm-təhsil və idman sahəsin­də ilk üç yeri tutan gənclərin adları açıqlandı və onlara müxtəlif müka­fatlar verildi. Ölkə idmanında qazan­dıqları medallara görə bir neçə mə­zun da mükafatlandırıldı. (Məlumata görə, ötən il universitet 1-cisi və tibb fakültəsi üzrə 1-ci azərbaycanlı gənclər olublar). Bir-birinin ardınca marşlar çalınır, şərqilər oxunurdu. “Çırpınırdı Qara dəniz” mahnısını stadionda hamı bir ağızdan oxuyur­du...

Məzunlar dəstə-dəstə stadionu dolanır, buraya toplaşan doğmalarını əllərində tutduqları papaqla salamla­yırdılar. Onların arasında Azərbay­candan olan xeyli gənc vardı.

Andiçmə mərasimindən son­ra məzunlar eyni anda papaqlarını göyə atdılar və sonra stadionu dövrə vurdular. Bir-birindən yaraşıqlı oğ­lan və qızlara baxdıqca, Azərbaycan Dövlət Universitetinə (indiki BDU - red) əlvida söylədiyimiz günlər ya­dıma düşdü. Əlimizə təyinat əvəzinə bir məktub verib lazım olan yerlərə yola saldılar. Onda belə təntənə-zad yox idi...Həyat belədir – biri keçmi­şinə baxır, biri gələcəyinə. Türk şairi Nəcib Fazil isə belə deyib: “Ömrün ilk yarısı ikinci yarısını gözləməklə, ikinci yarısı da ilk yarısının həsrətilə keçir”.

Axırda məzunlar valideynləri və ya onları əvəz edən doğmaları ilə gö­rüşdülər. Çox həyəcanlı anlar yaşa­nırdı. Bir nənə nəvəsinin mantiyasını öpürdü. Bir ana oğlunu qucaqlayıb deyirdi: “...rəhmətlik atana verdiyim sözü tutdum, axır ki, sən universite­ti bitirdin”. Bu arada Murad dedi ki, əmi, sən də bizim mantiyanı geyin, axı o vaxt geyinməmisən. Uşaqlar mantiyanı mənə geyindirib şəklimi də çəkdilər. Qismətə bax ha, harada oxuyasan, haranın mantiyasını ge­yinəsən...Yanımızdan keçənlər mənə təəccüblə baxırdılar. Mən isə özümü o yerə qoymurdum. 

Elə bil yağış tədbirin başa çatma­sını gözləyirmiş...Amma biz Giresun qalasından enəndə yenə Günəş gü­lümsəyirdi.

Bu “cızma-qara” Giresun gündə­liyimin bir hissəsidi. O günü yəqin ki, universitet məzunları heç vaxt unutmayacaqlar. Elə mən də unut­mayacağam. Çünki o günlər məni bir daha gəncliyimə qaytardı və həmin günlərdə sanki xoşbəxt günlərimdən qalan bir parça ömrümü yaşadım. O günlərdə dünyanın işığı elə bil art­mışdı. Yaşılla mavinin qovuşduğu Giresuna ayna tutan Qara dəniz də çırpınmır, rahat-rahat qırçın ləpələri ilə sahili yalayırdı.

Səməd MƏLİKZADƏ

Bakı–Giresun–Bakı



Sosial həyat