Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının qala gecəsi keçirilib.
Mərasimdə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov çıxış edib. AŞF rəhbəri çıxışında ali şahmat qurumunun yaradıcılarını xatırladıb:
– FIDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qaldı. Buna görə biz FIDE-nin yaradıcılarına minnətdar olmalıyıq.
Sonra FIDE şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatları təqdim edib.
Gecədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, uzun illər mötəbər yarışlarda hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb. FIDE-nin rəsmi saytı F.Həsənovun uğurları barədə bunları qeyd edib:
– Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O olimpiada, Dünya Kuboku, Qran-Pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun-Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. O həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan “Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb.
L.QURBANOVA
XQ