İnsanların mənəvi və fiziki inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi istiqamətində görülən işlər davam edir.
Sentyabrın 19-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında reallaşan “Sağlam həyat” səyyar layihəsinin təqdimatı bu baxımdan xüsusi maraqla qarşılandı.
İdman həvəskarları, könüllülər, eləcə də, şəhər sakinləri əyləncəli vaxt keçirdilər. Onlar müxtəlif idman növlərində - voleybol, basketbol, stolüstü tennis, şahmat, badminton, velosiped, boks avadanlıqlarında öz güclərini sınadılar. Onu da qeyd edək ki, bu avadanlıqların hər biri ilk dəfə sentyabrın 15-də istifadəyə verilən “Sağlam həyat” avtomobilində yerləşib.
Gənclər və İdman Nazirliyinin Regionlar iş sektorunun müdiri Elvin Zeynallı layihənin əsas məqsədinin sağlam həyat tərzini təbliğ etmək olduğunu bildirdi. O dedi ki, peşəkar idmanla yanaşı, əhalinin sağlam həyat tərzinin təminatı nazirliyin prioritet istiqamətlərindən biridir: “Nazirlik bu il regionlarda 897 kütləvi bədən tərbiyəsi tədbiri təşkil edib. İndiyə qədər 8 “Sağlam həyat” layihəmiz olub. Bunlardan biri də işğaldan azad olunmuş Laçın şəhərində keçirilib.
Sektor müdirinin sözlərinə görə, səyyar maşını regionlarda təşkil olunacaq “Sağlam həyat” layihəsində istifadə olunacaq: “Avtomobilin ikinci mərtəbəsində ofis yerləşir və bir sıra idman növlərinin inventarları ilə təchiz olunub. Bir neçə gün öncə Bakı şəhər Bulvarında “Formula-1” yarışlarında bu səyyar xidmətini test etdik və bu, insanların xüsusi marağına səbəb oldu. Yeni layihə hətta turistlərin də çox diqqətin çəkmişdi. İndi planlaşdırırıq ki, bu layihəni bütün regionlarda reallaşdıraq. Səyyar xidmətimizin sayının artırılması da planlaşdırılır. Hələlik bir avtomobilimiz var. Əgər bu, daha çox insanın diqqətini cəlb etsə, o zaman avtomobilin sayını artıra bilərik.
Leyla QURBANOVA,
Cavid QAÇAYEV (foto)
XQ