Baş ofisi Almaniyada yerləşən qlobal logistika təchizatçısı “Rhenus Group” şirkəti Azərbaycanda keçiriləcək COP29 tədbirinin rəsmi logistika üzrə tərəfdaşı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (ƏŞ) mətbuat ofisindən məlumat verilib. Bildirilib ki, bu, “Rhenus Group” şirkətinin dayanıqlı təcrübə və qlobal iqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.
Logistika sahəsində dünya üzrə aparıcı şirkətlərdən biri olan “Rhenus Group” Bakıda keçiriləcək COP29 tədbirinin logistika məsələləri üzrə rəsmi tərəfdaşı təyin edilib. Şirkət bütün təchizat proseslərinin, yəni, malların müxtəlif nəqliyyat növləri ilə qitələrarası daşınması, gömrük rəsmiləşdirilməsi, eləcə də anbar və təyinat məntəqələrinə çatdırılması üzrə əməliyyatların maneəsiz, prosedurların isə effektiv olmasını təmin etmək üçün öz təcrübəsi və qlobal şəbəkəsi ilə yanaşı, yerli tərəfdaşlıqlardan da istifadə edəcək. Genişmiqyaslı tədbirlərin logistika məsələlərinin idarə edilməsi üzrə zəngin təcrübəyə malik “Rhenus Group” şirkəti təchizat əməliyyatlarının problemsiz olmasını təmin edəcək. İştirakçıların logistika ehtiyaclarını əvvəldən axıra kimi qarşılamaq üçün şirkətin əməliyyatları yerində xidmət göstərən mütəxəssislər qrupu tərəfindən də dəstəklənəcək.
Yaradılan bu imkandan istifadə etməklə COP29-un tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla bu şirkətlər ekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm, həlledici rolu nümayiş etdirə bilərlər.
Yaşıl Zonada COP29 tərəfdaşlarına builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.
Tərəfdaşların birgə səyləri sayəsində Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Özlərinin məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada, həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, qarşılıqlı əlaqələrin qurulması imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.
Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və qarşılıqlı əlaqələrin inkişafı üçün imkanlarını təklif edir.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova tərəfdaşların elan edilməsi ilə bağlı deyib: “Böyük məmnunluqla bildirirəm ki, “Rhenus Group” şirkəti Azərbaycanda keçiriləcək COP29 tədbirinin rəsmi logistika tərəfdaşı təyin edilib. Bu şirkətin uzunmüddətli təcrübəsi və dayanıqlılıq əzmi, eləcə də elektrikli yük və anbar maşınları tədbir üçün səmərəli və ekoloji təmiz logistikanı təmin edəcək. İqlim fəaliyyətini və qlobal əməkdaşlığı inkişaf etdirmək üçün “Rhenus Group” şirkəti ilə əməkdaşlıq edəcəyimizi səbirsizliklə gözləyirik”.
“Rhenus Group” şirkətinin baş icraçı direktoru Tobias Bartz COP29-un tərəfdaşı olduqlarını bəyan edərkən deyib: “Biz öz geniş təcrübəmizlə belə əlamətdar tədbirə töhfə verməkdən qürur duyuruq. COP29 tədbiri iqlim baxımından neytral cəmiyyətin və beləliklə, növbəti nəsillər üçün yaşıl gələcəyin formalaşdırılmasında mühüm rol oynayır”.
Azərbaycanda keçiriləcək COP29 tədbirinin Yaşıl Zonasında iştirak etmək və tərəfdaş olmaq hələ də mümkündür. Yaşıl Zona haqqında daha ətraflı məlumat üçün: COP29 Yaşıl Zona | 11 - 22 noyabr 2024